XƏBƏRLƏR

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr 2022

Baxış sayı: 6341

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbirdən əvvəl universitet kollektivi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər.

Universitetin tədris binasındakı tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Anım tədbirini giriş nitqi ilə elmi işlər üzrə prorektor Yusif Qasımov açıb. Prorektor çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycanın tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Azərbaycan Universitetinin il ərzində keçirdiyi tədbirlərdə dahi liderin çoxşaxəli fəaliyyətinə müxtəlif aspektlərdən nəzər salınır. Yusif Qasımov çıxışında vurğulayıb ki, ərazi baxımından dünyanın bir çox dövlətləri ilə müqayisədə “kiçik” olan Azərbaycanın adının dünya tarixinə “böyük dövlət” olaraq yazılmasında, bir çox ölkələrin 100 ildə keçdiyi yolu Azərbaycanın bir neçə 10 ildə qət etməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. 

Tədbirin qonağı, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə milli ruhun canlanması, ölkənin hərtərəfli inkişafına nail olunması, dövlət təsisatlarının yaradılması, ictimai-siyasi sabitliyin tam təmin olunması, beynəlxalq arenada nüfuzunun artması, ordu quruculuğu, mürəkkəb geosiyasi proseslərin fonunda müstəqilliyin qorunub saxlanması kimi sahələrdə xidmətlərinə nəzər salıb. İcra Başçısı Heydər Əliyevin uzaqgörən və zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanın bu gününü formalaşdırdığını, Heydər Əliyev siyasətinin Azərbaycanın gələcəyinə istiqamətləndiyini vurğulayıb.  

Daha sonra AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov “Ulu öndər Heydər Əliyev – böyük insan, böyük şəxsiyyət”, Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev “Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri” mövzusunda məruzə ilə çıxış ediblər. 

Çıxışlarda ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, incəsənət və təhsilə xüsusi qayğısı vurğulanıb. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni müddəalarla zənginləşdirilir. Möhtəşəm Qarabağ zəfəri də məhz Heydər Əliyev tərəfindən təməli qoyulan proses və islahatların məntiqi nəticəsidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qarabağı, mədəniyyət paytaxtımız Şuşanı işğaldan azad edərək həm də ümummilli lider  Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirib.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Sonda ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR