XƏBƏRLƏR
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətlə Azərbaycan Universitetində anım tədbiri keçirilib. Tədbirdən əvvəl universitet kollektivi Fəxri Xiyabanda olub, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyularaq, xatirəsi ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Fəxri Xiyaban ziyarətinin ardından universitetin tədris binasında dəyirmi masa və anım tədbiri təşkil olunub. Siyasi və ictimai elmlər kafedrası tərəfindən təşkil olunan tədbirdə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb, zəngin siyasi irsindən bəhs edilib.
Tədbirin qonaqları - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri, jurnalist Fuad Hüseynzadənin çıxışı Heydər Əliyevin milli maraqlara söykənən, məqsədyönlü və mükəmməl şəkildə hazırlanmış humanitar strategisyasının əsas istiqmətlərinə həsr olunub.
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxışında ümummilli liderin artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çoxşaxəli fəaliyyətindən bəhs edib. Elvin Talışinski qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs Vətən müharibəsində Azərbaycanın zəfərini təmin edib.
Kafedranın müəllimləri, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov “Heydər Əliyev diplomatiyasının uğuru kimi Azərbaycan və Müqəddəs Taxt – Tac münasibətləri”, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov “Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzə ediblər.
Tədbir ümummilli liderə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi