XƏBƏRLƏR
Azərbaycan Universitetində “Vergilər” olimpiadasının seçim turu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan Universitetinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ümumrespublika olimpiadasının seçim turu keçirilib. Bu turda tələbələr vergi sistemi və vergi qanunvericiliyi istiqamətləri üzrə test suallarını cavablandırıblar.
Seçim turu kompüterlə təchiz olunmuş auditoriyalarda xüsusi proqram təminatı vasitəsilə keçirilib. Bu mərhələdə müəyyən olunan ən yüksək balı toplayan 6 tələbə - Sevinc Qasımova (Magistratura, I kurs), Məsturə Kərimova (MBA, II kurs), Nərmin Qurbanəliyeva (Maliyyə, IV kurs), İqbal Həbibov (Mühasibat, IV kurs), Gülnaz Pənahova (Maliyyə, IV kurs) və Sevinc Mustafayeva (Mühasibat, III kurs) yekun turda iştirak etmək hüququnu qazanıb.
Tələbələr olimpiadaya Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Polad Əzizovun rəhbərliyində hazırlaşıblar.
Qeyd edək ki, olimpiada seçim turu və yekun tur olmaqla iki mərhələdən ibarətdir. Olimpiadanın yekun turunun iyun ayında Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasından keçirilməsi nəzərdə tutulur. Olimpiadanın təşkilində məqsəd vergi sahəsində yüksək bilik səviyyəsinə malik olan tələbələri müəyyən etmək və gələcəkdə bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaratmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi