XƏBƏRLƏR

Azərbaycan Universitetində “Yaşıl iqtisadiyyat” mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində “Yaşıl iqtisadiyyat”  mövzusunda seminar keçirilib

15 fevral 2024

Baxış sayı: 860

Azərbaycan Universitetində Maliyyə və mühasibat ilə İqtisadiyyat və idarəetmə kafedralarının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və onun inkişaf perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə qeyd olunub ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Digər yandan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Dünyada gedən proseslər, o cümlədən ətraf mühit problemləri, iqlim dəyişmələrinin səbəb olduğu fəsadlar bu mötəbər platformada müzakirə olunacaq. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ali təhsil müəssisələrinin də qarşısında mühüm öhdəlik qoyur ki, seminar bu məsuliyyətdən irəli gələrək təşkil olunub.

Tədbirdə Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişinin “Yaşıl iqtisadiyyata keçidin iqtisadi mexanizmi və şərtləri”, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev “Dayanıqlı inkişaf konsepsiyası və onun milli sərvət səviyyəsində dəyərləndirilməsinin zərurəti” və kafedranın dosenti  Əliağa İsmayılzadə “Yaşıl iqtisadiyyatın iqtisadi problemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələrdə “yaşıl iqtisadiyyat” terminin yaranması və elmi dövriyyəyə daxil olması, “yaşıl iqtisadiyyat” konsepsiyası, yaşıl iqtisadiyyata keçidin zəruri səbəbləri, yaşıl iqtisadiyyatın vəzifələri,  prinsipləri, istiqamətləri, problemləri və perspektivləri haqqında məlumat verilib, müvafiq təşəbbüs və çağırışlar, o cümlədən yaşıl iqtisadiyyatın formalaşması ilə bağlı Azərbaycandakı vəziyyət təhlil olunub. Diqqətə çatıdırılıb ki, hazırda dayanıqlı inkişafa nail olmaq dünyanı narahat edən əsas problemlərdən biridir. Bu da “yaşıl iqtisadiyyat”a keçidlə bağlı məsələlərin müzakirəsini aktuallaşdırır.

Elmi-praktik seminar məruzələr ətrafında müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR