XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2023-cü il üzrə elmi hesabatı dinlənilib

Azərbaycan Universitetinin 2023-cü il üzrə elmi hesabatı dinlənilib

29 dekabr 2023

Baxış sayı: 1757

Azərbaycan Universitetinin 2023-cü il üzrə elmi fəaliyyətinin yekunlarına dair  hesabat iclası keçirilib. Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov açaraq yekun elmi hesabatların əhəmiyyətini vurğulayıb, elmi-tədqiqat işlərinin nəticələrini qiymətləndirib. 

Ardınca Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva yerinə yetirilmiş elmi tədqiqat işləri barədə hesabat məruzəsi və geniş təqdimatla çıxış edib. Məruzə universitetin elmmetrik göstəriciləri, universitetdə keçirilmiş elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfransların hesabatı, elmi jurnalların fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işlər kimi mövzuları əhatə edib.

Lətifə Ağamalıyeva qeyd edib ki, Azərbaycan Universiteti Elsevier şirkətinin Scopus bazasının 2023-cü il üzrə “Scimago Institutions Rankings” hesabatında elmi tədqiqat aktivliyi üzrə dünya reytinqində öz yerini qoruyub. Respublika üzrə ali təhsil müəssisələrindən yalnız beşinin daxil olduğu siyahıda 2-ci yerdə qərarlaşan  Azərbaycan Universiteti bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyasına daxil olub.

Məruzədə bildirilib ki, hesabat ilində Azərbaycan Universitetində 3 beynəlxalq və 1 respublika səviyyəli elmi konfrans keçirilib. Bütün konfransların materialları toplu şəklində dərc edilib və konfrans iştirakçılarına təqdim olunub. 10 mart 2023-cü il tarixində keçirilən Gənc tədqiqatçıların VI respublika elmi konfransında respublikanın bütün ali təhsil müəssisəsələrini, elmi-tədqiqat institutu və qurumlarını təmsil edən 145 məruzə dinlənilib. 12 aprel 2023-cü il tarixində keçirilən “Qlobal çağırışlar və Türk dünyası” beynəlxalq konfransı Beynəlxalq Dublin Universiteti, Türkiyənin Ege, Bitlis Eren, Trakya universitetləri,  Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutu, Rusiyanın Tarix, iqtisadiyyat və hüquq elmi-tədqiqat institutu, Mindanao Universiteti və BZT Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Türk Dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsinə həsr olunan konfransa 6 ölkədən 120 məruzə qəbul olunub.

12 may 2023-cü il tarixində keçirilən “Heydər Əliyev və Türk dünyası” beynəlxalq konfransının plenar iclasında AMEA-nın həqiqi üzvü, akademik Yaqub Mahmudov, Azərbaycan Universitetinin professoru Qabil Əliyev və Türkiyənin Ege Universitetinin müəllimi Baha Ahmet Yılmazın məruzələri dinlənilib. Konfransın bölmə iclaslarında “Heydər Əliyev və ümumtürk tarixi”, “Türk dünyasının filoloji tədqiqatlarında Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev və azərbaycançılıq - türkçülük məfkurəsi”, “Türk dünyasının mədəniyyət və incəsənət abidələrində Heydər Əliyev obrazı”, “Sosial və iqtisadi siyasət: Heydər Əliyevin rəhbərliyi dövründə sosial və iqtisadi siyasətin əsas aspektləri”, “Türkiyə-Azərbaycan münasibətləri” kimi istiqamətlərdə müzakirələr aparılıb. 

“Social Work & Social Research” beynəlxalq konfransı 24-25 noyabr 2023-cü il tarixində Azərbaycan Universitetinin evsahibliyində Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent-Luis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransa 32 ölkədən 156 məruzə qəbul olunub.

Azərbaycan Universitetinin elmi jurnalı “İpək yolu” 2023-cü ildə ERIH Plus bazasında qeydiyyata alınıb. 2023-cü ildən jurnalda çap olunan məqalələr DOİ identifikasiya nömrələri ilə təmin edilib. Jurnalın birinci nömrəsi “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunub və 2023-cü ildə 4 nömrəsi nəşr edilib. 2023-cü ildə “Social Issues” jurnalı təsis edilib. Sosial elmlər üzrə nəzəriyyələr, metodlar və onların tətbiqlərinə həsr olunan jurnalın indiyə qədər 2 nömrəsi çap olunub. Hazırda 24-25 noyabr tarixində keçirilən “Social Work &  Social Research” konfransının xüsusi buraxılışı çapa hazırlanır.

Bildirilib ki, universitetin Clavirate Analytics Agentliyinin Web of Science bazası əsasında müəyyən edilən “Hirş indeksi” 2023-cü ildə 29-a yüksəlib. Keçən il bu rəqəm 24 olub. 

Universitet əməkdaşlarının Web of Science bazasında indekslənən jurnallarda çap olunmuş məqalələrinin sayı 78-dir. Məqalə sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 5-ci yerdədir.  Universitet əməkdaşlarının Web of Science bazasında indekslənən jurnallarda çap olunmuş məqalələrinə olan istinadların sayı isə 1216-dır. Məqalələrə olan istinad  sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 3-cü yerdədir. 

2023-cü ildə Azərbaycan Universitetinin Scopus bazasında profili açılıb. Scopus bazasında indekslənən jurnallarda 2023-cü ildə əməkdaşların 89 məqaləsi çap olunub. Scopus bazasında məqalə sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 6-cı yerdədir. Scopus bazasında indekslənən jurnallarda əməkdaşların məqalələrinə 2023-cü ildə 1552 istinad olunub. Scopus bazasında məqalələrə olan istinad  sayına görə Azəbaycan Universiteti ölkə universitetləri arasında 5-ci yerdədir.

Bildirilib ki, hesabat ilində universitet əməkdaşlarının Azərbaycanda nəşr olunan elmi jurnallarda 85, xaricdə nəşr olunan elmi jurnallarda 112,   indekslənən jurnallarda 102 məqaləsi çap olunub. Onlardan 38 məqalə ən yüsək Q1 kateqoriyalı, 34 məqalə Q2 kateqoriyalı, 16 məqalə Q3 kateqoriyalı, 9 məqalə Q4 kateqoriyalı, 5 məqalə Scopus bazasında olan jurnallarda çap edilib. Qeyd olunub ki, 29 tezis respublikada, 117 tezis isə xaricdə çap olunub.

Məruzədə hesabat ilində çap olunan monoqrafiya, dərslik, dərs vəsaitləri, tələbə elmi cəmiyyətlərinin fəaliyyəti və beynəlxalq elmi əməkdaşlıq haqqında da məlumat verilib.  Həmçinin kafedralar üzrə elmi fəaliyyətin qiymətləndirilməsi üçün tərtib olunan bal cədvəli və universitetdə tətbiq edilən elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi sisteminə əsasən ən çox bal toplamış kafedraların adları da açıqlanıb. Qeyd olunub ki, Azərbaycan Universiteti rektorunun 05.02.2018-ci il tarixli “Əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən indekslənən jurnallarda çap olunmuş məqalələrin müəllifləri mükafatlandırılıb.

Lətifə Ağamalıyeva məruzənin sonunda universitet əməkdaşlarını “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və yeni təqvim ilinin başlanması  münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Sonda hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR