XƏBƏRLƏR

Azərbaycan Universitetinin bir qrup əməkdaşının “Qəlbi vətənlə çırpınan insan” adlı kollektiv monoqrafiyası çap olunub

Azərbaycan Universitetinin bir qrup əməkdaşının “Qəlbi vətənlə çırpınan insan”  adlı kollektiv monoqrafiyası işıq üzü görüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan əsər universitetin Siyasi elmlər kafedrasında hazırlanıb. 

Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolu, fəaliyyəti, daxili və xarici siyasəti azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, Kipr, İraq və Misirdən olan tədqiqatçılar tərəfindən işıqlandırılıb. “Heydər Əliyev – Azərbaycanın müstəqillik məfkurəsi” adlanan birinci fəsildə ulu öndərin zəngin həyat yolu, milli dövlətçilik məfkurəsi və müstəsna fəaliyyətinin bütün mərhələləri araşdırılıb.

Monoqrafiyanın “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır” adlı ikinci fəsli ölkəmizdə demokratik cəmiyyətin formalaşması, hüquqi dövlət quruculuğu sahəsində böyük xidmətləri olan, milli inkişaf strategiyamızın banisi Heydər Əliyevin daxili siyasətinə həsr olunub.

Üçüncü fəsil “Heydər Əliyev və milli dəyərlər” adlanır. Bu fəsildə xalqımızın milli sərvəti olan ulu öndərin zəngin və çoxşaxəli irsi, azərbaycançılıq ideologiyası geniş şəkildə tədqiq edilib.

Sonuncu, dördüncü fəsildə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayan Heydər Əliyevin yürütdüyü xarici siyasət araşdırılıb.

Monoqrafiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva və Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin elmi redaktorluğu ilə çapdan çıxıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR