XƏBƏRLƏR

COP29 simulyasiyasının Zirvə toplantsı keçirilib

COP29 simulyasiyasının Zirvə toplantsı keçirilib

04 iyun 2024

Baxış sayı: 1065

Azərbaycan Universitetinin təşəbbüsü və Sosial Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı ilə COP29 simulyasiyası həyata keçirilib. Azərbaycanda bir ilk olan simulyasiyanın 3 ay davam edən təlimlərinin ardından təşkil olunan Zirvə toplantısında 6 ali təhsil müəssisəsindən (Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti) 30 tələbə iştirak edib. 

Tədbirin açılış mərasimində Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Əziz Əlibəyli COP29-un Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyətindən danışıblar. 

Açılışın ardından söz iştirakçılara verilib. Zirvə toplantısı rəsmi və sərbəst olmaqla iki sessiyadan ibarət olub. Tədbirdə konfransın əsas iştirakçısı 15 dövlət, muşahidəçi statusuna malik 13 beynəlxalq və yerli qeyri-hökumət təşkilatı, eləcə də 2 media qurumunu təmsil edən tələbələr tərəflərin adından məruzə ilə çıxış edib, ölkələr arasında ekoloji əməkdaşlıq, yaşıl enerjiyə və yaşıl iqtisadiyyata keçid, müharibələrin iqlim dəyişikliyinə təsiri kimi məsələləri müzakirə ediblər.

Sonda Yekun Bəyanat qəbul edilib.

Qeyd edək ki, simulyasiya Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 6-cı sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının noyabr ayında Azərbaycanın evsahibliyində keçirilməsi, o cümlədən 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Universitetinin Tədbirlər Planına uyğun olaraq həyata keçirilib. Simulyasiyanın məqsədi dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin maarifləndirilməsidir.

  İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR