XƏBƏRLƏR

Azərbaycan Universitetinin IV kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb

Azərbaycan Universitetinin IV kurs tələbələrinin istehsalat təcrübəsi başlayıb

16 fevral 2023

Baxış sayı: 8955

Azərbaycan Universitetinin tədris planına uyğun olaraq 2022/2023-cü tədris ilində IV kursda təhsil alan tələbələrin təcrübə keçmək məqsədi ilə  müxtəlif müəssisə və təşkilatlara göndərilməsi prosesinə başlanılıb. Diplomqabağı istehsalat təcrübəsinə həsr olunan və müvafiq struktur bölmələrin əməkdaşlarının iştirakı ilə təşkil olunan görüşdə tələbələrə təcrübənin təşkilinə dair müasir tələblər haqqında məlumat verilib. Tədbirdə əmək fəaliyyətində istifadə olunacaq iş üsullarının mənimsənilməsində istehsalat təcrübəsinin əhəmiyyəti qeyd olunub, həmçinin təcrübə hesabatının hazırlanmsı təlimatı izah olunub. 

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya-Sistemləri İnstitutu, İstehsal mallarının ekspertizası və marketinqi ixtisasında oxuyan tələbələr isə “Mirzəoğlu MMC”-də iş prosesi ilə tanış olacaq və gələcək iş həyatında tələb olunan müəyyən bacarıqlara yiyələnəcəklər.  

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri müvafiq olaraq “Kapital Bank”, “Azərenerji”,  “Bakı Turizim Ekskursiya”, “Tatun travel”, “Uptodate Medicine”, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,  Heydər Əliyev fondunun nəzdində Regional İnkişaf İctimai Birliyi və bu kimi müəssisə və təşkilatlarda, Humanitar fənlər fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatı və müxtəlif struktur bölmələrində, Tərcümə (ingilis dili) ixtisasının tələbələri isə “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi, “Ulduz” jurnalı, “İki sahil” qəzetində istehsalat təcrübəsi keçəcək, nəzəri biliklərini iş prosesində möhkəmlədəcəklər. 

Qeyd edək ki, istehsalat təcrübəsi may ayında yekunlaşacaq. Təcrübənin məqsədi tələbələrin nəzəri biliklərinin əmək fəaliyyətində istifadəsini təmin etmək, onları yeni texnologiya və iş üsulları ilə tanış etmək, təşkilatçılıq bacarıqları və kommunikativ vərdişləri aşılamaqdan ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR