XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Gənc vikipediyaçıların qış düşərgəsi”ndə iştirak edib

Azərbaycan Universitetinin tələbələri “Gənc vikipediyaçıların qış düşərgəsi”ndə iştirak edib

13 dekabr 2023

Baxış sayı: 448

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə Göygöl Olimpiya İdman Kompleksində “Gənc vikipediyaçıların qış düşərgəsi” keçirilib. Azərbaycan Universitetinin tələbələri Fatimə Manafzadə (Politologiya, IV kurs), Marina Nəsibova (Maliyyə, IV kurs),  Bənövşə Muradova, Aşiq Məsimov, Tural Əsədov, Yağmur Muxtarova, Fidan Şıxəliyeva, Səadət Məmmədli, Nurlan Nəcəfov (Turizm işinin təşkili, II kurs), Mühasibat uçotu və audit ixtisasının məzunu Nuray Tanrıverdiyeva düşərgədə iştirak edib. 

Düşərgədə Azərbaycan Universitetinin tələbəsi və təcrübəli vikipediyaçı Aida Aslanova tərəfindən yeni istifadəçilərə vikipediya haqqında məlumat verilib, bu onlayn resursda məqalə yaratma və redaktə etmə, şablonlardan istifadə, kateqoriya açma, istinadların qoyulması və bu kimi mövzular izah olunub. İştirakçılar düşərgə müddətində gənclər və idman mövzularında, o cümlədən Göygöl şəhəri haqqında məqalələr hazırlayıb, müxtəlif əsaslı redaktələr edərək vikipediyaya öz töhfələrini veriblər. Tələbələrin məqalələri xüsusi təyin edilmiş komissiya tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibləri nazirlik tərəfindən təqdim olunan hədiyyələrlə, bütün düşərgə iştirakçıları isə sertifikatla mükafatlandırılıb. 

Düşərgə müddətində iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə intellektual oyunlar, idman yarışları və Göygöl rayonunun gəzməli-görməli yerlərinə foto-gəzinti də təşkil edilib. 

Düşərgənin keçriliməsində məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarının təkmilləşdirilməsi, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunun artırılmasıdır. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR