XƏBƏRLƏR

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib

30 mart 2021

Baxış sayı: 1869

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbirində İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, Erməni daşnak-rus bolşevik ittifaqının 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı törətdiyi soyqırımı faciəsinin araşdırılmasına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb.  1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra bu sahədə aparılmış tədqiqatlar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb, əsərlər yazılıb.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər XX əsrdə azərbaycanlılara qarşı 1905-1907, 1918-1920-ci illər və 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində olmaqla üç dəfə kütləvi qətl və qırğınlar törədib, etnik təmizləmə və böyük miqyaslı soyqırımı aktları həyata keçirib. Hadisələr mahiyyət etibarı ilə eynidir, aralarında sadəcə il və zaman fərqi var. Çünki tarixi yaddaşsızlıq və unutqanlıq faciələrin təkrar olunmasına gətirib çıxarır.

Azərbaycan Хalq Cümhuriyyət hökumətinin yaratdığı və 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar xalqımızın başına gətirilən qırğınların mahiyyətini  aydınlaşdırmağa, onlara hüquqi və siyasi qiymət verməyə şərait yaradır.

Azərbaycan dövləti həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə uzun illər sistemli iş aparsa da, problemi həll etməyə hüququn gücü çatmadığı üçün güc tətbiq etmək məcburiyyətində qalıb. 44 gün çəkən Vətən Müharibəsində əldə olunmuş qələbə ilə tarixi ədalət bərpa olunub. Azərbaycan xalqı bu dəfə unutmadı. İndi o, qalib xalqdır və onun arzuları dəyişib. İndi Azərbaycan xalqı yeni tarix yazacaq və yazılacaq bu yeni tarix əhatəli olmaqla yanaşı, həm də ədalətli olmalıdır.

Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə  I kurs  magistratura tələbəsi Əsmər Mustafayeva “1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Qarabağda azərbaycanlı əhaliyə qarşı qətl və qarətləri” mövzusunda çıxış edib.

Sonda rus-bolşevik və erməni – daşnak silahlı birləşmələri tərəfindən Bakı, Şamaxı, Quba və ölkəmizin digər bölgələrində həyata keçirilən qətliam və qırğınların əks olunduğu videoçarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.03.2021

DİGƏR XƏBƏRLƏR