XƏBƏRLƏR

Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfrans keçirilib

Azsaylı xalqlara məxsus folklor nümunələrinin  təbliğinə həsr olunan  konfrans keçirilib

12 oktyabr 2018

Baxış sayı: 3601

Azərbaycan Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan elmi konfrans keçirilib.

Konfransın açılış mərasimini salamlama nitqi ilə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq qeyd edib ki, folklorun tədqiqi XX əsr dünya elmində yeni səhifə açıb. Bu baxımdan folkloru araşdırmaq, ona yenidən, təkrar- təkrar qayıtmaq hər zaman faydalıdır. Kafedra müdiri Azərbaycan Universitetinin rəhbərliyi adından iştirakçıları çox faydalı layihələrinin uğurla başa çatması münasibətilə təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin professoru, Əməkdar elm xadimi Kamran Əliyev konfransın məqsədi haqqında məlumat verib. Kamran Əliyev qeyd edib ki, məqsəd azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır. Çıxışda bildirilib ki, AMEA-nın Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material toplayıblar.

Kamran Əliyev çıxışında Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyini diqqətə çatdıran professor qeyd edib ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.

Konfransda professor Kamran Əliyevin “Lahıc folklorunun özəllikləri”, AMEA Folklor İnstitutunun əməkdaşları “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovanın “Azərbaycanda yaşayan xalqlar SMOMPK məcmuəsində”, mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Lahıc bayatılarının lirosemantikası”,  “Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Müqayisəli folklorşünaslıq: Lahıc nümunələri əsasında”, Azərbaycan Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura tələbəsi Reyhan Mənəfovanın “Lahıc folklorunda bayatıların bədii xüsusiyyətləri”, Azərbaycan Universitetinin filologiya ixtisası üzrə IV kurs tələbəsi Afaq Aslanovaın “Lahıc lətifələrinin özünəməxsusluğu” mövzularında məruzələri dinlənilib.

Konfransda dinlənilən məruzələr toplu şəklində çap olunaraq iştirakçılara təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.10.2018


DİGƏR XƏBƏRLƏR