XƏBƏRLƏR

“Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Günü” münasibətilə tədbir keçirilib

“Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Günü” münasibətilə tədbir keçirilib

13 noyabr 2019

Baxış sayı: 3450

Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələri tərəfindən “Görmə məhdudiyyəti olan şəxslərin ümumi həyat fəaliyyəti” mövzusunda maarifləndirmə sessiyası keçirilib. 13 noyabr -  Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Gününə həsr olunan tədbir  Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya Klub”un təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə  Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Gününün tarixi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəaliyyəti haqqında məlumat verilib. Görmə məhdudiyyətli şəxslərin infrastrukturda qarşılaşdıqları çətinliklər, təhsil, iş, texnologiyadan istifadə zamanı üzləşdikləri problemlər və həll yolları haqqında fikir  mübadiləsi aparılıb. Səsli kitabların hazırlanmasıı, Brayl əlifbası ilə mühazirələrin tərtib olunması, infrastrukturda sarı zolaqların çəkilməsi, səsli işıqforların sayının artırılması və bu kimi mövzular müzakirə olunub, sosial işçilərin gözdən əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiyası sahəsində görə biləcəkləri işlərə toxunulub.

Tədbirin qonağı görmə məhdudiyyətli Murad Yunusov tələbələrlə öz təcrübələrini bölüşüb və tələbələri Brayl əlifbasının prinsipi ilə tanış edib.

Qeyd edək ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Gününün qeyd olunması ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir. Bu tarix ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 13 noyabr 1745-ci ildə anadan olub. Dünya Səhiyyə Təşkilatı onun doğum tarixini Gözdən Əlilliyi Olan Şəxslər Günü elan edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.11.2019

DİGƏR XƏBƏRLƏR