XƏBƏRLƏR
BİF tələbələri üçün karyera planlaması mövzusunda görüş keçirilib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbələri üçün “Karyera planlaması” fənni çərçivəsində görüş təşkil olunub. Görüşdə Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov tələbələr qarşısında təqdimatla çıxış edib.
Təqdimat karyera anlayışı, karyera istiqamətinin müəyyənləşdirilməsi, şəxsi potensialın dəyərləndirilməsi, peşəkar inkişaf üçün məqsədyönlü plan qurmaq bacarıqları kimi mövzuları əhatə edib. Qonaq tələbələrin karyera quruculuğu prosesində qarşılaşdıqları çətinlikləri qeyd edib və bu istiqamətdə onlara öz tövsiyələrini verib. Qeyd edib ki, karyera quruculuğunda düzgün istiqamətin seçilməsi, gözləntilərin rasionallığı və ardıcıl fəaliyyət mühüm rol oynayır.
İnteraktiv formatda təşkil olunan görüşdə tələbələrin təqdimat ilə bağlı sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sonuncu kurs tələbələrinə tədris olunan “Karyera planlaması” fənninin məqsədi tələbələrin peşəkar karyeranın planlaşdırılması və idarə edilməsi istiqamətində müvafiq bacarıqlarının inkişaf etdirilməsidir.
İctimaiyyətlə əlaqələr şöbəsi
