XƏBƏRLƏR

“Bioinformatika məktəbi” layihəsinin Azərbaycan Universitetinə ekskursiyası təşkil olunub

“Bioinformatika məktəbi” layihəsinin  Azərbaycan Universitetinə ekskursiyası təşkil olunub

13 dekabr 2022

Baxış sayı: 8973

Azərbaycan Respubilikası Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi “Bioinformatika məktəbi” layihəsinin Azərbaycan Universitetinə ekskursiyası təşkil olunub. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı və Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Asif Paşayev layihənin iştirakçıları olan şagird və müəllimləri qəbul edib, onları universitetin tədris binası, maddi-texniki bazası, laboratoriyaları ilə tanış edib.  

Müəllim və şagirdlərə universitetdə tədris olunan ixtisaslar və tələbələr üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Universiteti bakalavriat səviyyəsində 23 ixtisas üzrə qəbul aparır. Tədris prosesində müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. İş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq universitetin qəbul planına hər il yeni ixtisaslar əlavə olunur. Beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın aparıcı elm və təhsil müəssisələri ilə əlaqələrin qurulması, müxtəlif istiqamətlərdə beynəlxalq akkreditasiyaya nail olunması öncəliklər sırasındadır və daim diqqət mərkəzində saxlanır. 

Şagirdlərə həmçinin düzgün ixtisas seçiminin aparılması, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi haqqında da məlumat verilib. Bildirilib ki, mərkəz Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və tələbə qəbulu kampaniyasının bütün mərhələlərində ödənişsiz əsaslarla fəaliyyət göstərir. 

Qeyd edək ki, “Bioinformatika məktəbi” layihəsinin rəhbəri Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi Ramazanova Xəyalə Sərdar qızıdır. Qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə  sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.  

İctimaiyyətlə əlaqələr şöbəsi




DİGƏR XƏBƏRLƏR