XƏBƏRLƏR

I kurs tələbələri “Lələtəpədə yazılan dastan” filminə baxıblar

I kurs tələbələri “Lələtəpədə yazılan dastan” filminə baxıblar

01 aprel 2019

Baxış sayı: 2998

Azərbaycan Universitetinin I kurs tələbələri “Lələtəpədə yazılan dastan” sənədli filminə baxıblar. Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan sənədli film Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları onun keçdiyi həyat yoluna işıq salır, xatirələrini bölüşürlər. Şəhidin ailə üzvləri filmi universitet heyəti və tələbələrlə birlikdə izləyib.

Filmin nümayişi 2016-cı il aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə təşkil olunub. Fəxrəddin Qurbanlı 2016-cı il aprel ayının ilk günlərində cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Şəhid məzununun xatirəsini daim uca tutan Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Ümumi miqdarı 500 manat olan təqaüd birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.04.2019

DİGƏR XƏBƏRLƏR