XƏBƏRLƏR

Bocciada təcrübə keçən tələbələrimiz təşəkkürnamə ilə təltif olunublar

16 fevral – 24 may tarixlərində Milli Olimpiya Komitəsinin Azərbaycan Boccia İdman Federasiyasında istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan 16 tələbəsi federasiyanın prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Mükafatlandırma mərasimində federasiyanın rəhbərliyi, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, İKT fakültəsinin dekanı Asif Paşayev, təcrübə rəhbəri Ülvi Əliyev, Boccia idmançıları və təcrübəçi tələbələr iştirak ediblər.   

Tədbirdə federasiyanın vitse-prezidenti İlham Məhərrəmov açılış nitqi ilə çıxış edərək təcrübəçi tələbələri Boccia İdman Federasiyasına yeni  təyin olunmuş prezident Vüqar Behbudov ilə tanış edib.  İlham Məhərrəmov bildirib ki, tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir və istehsalat təcrübəsi keçən tələbələr gələcək iş həyatları üçün  mühüm vərdişlər əldə edirlər.

Daha sonra təcrübəçi tələbələr Gülnar Ulubəyli, Orxan Mirzəyev və Xəzəngül Hüseynova təcrübə müddəti ərzində yerinə yetirdikləri işlər haqqında məlumat verib,  Boccia idman növü və Boccia atletləri haqqında öz səmimi fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir təcrübəçi tələbələrin təşəkkürnamə ilə təltif olunması və xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Universitet nümayəndələri federasiyanın fəaliyyət göstərdiyi bina və onun imkanları ilə tanış olublar. 

Qeyd edək ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Boccia İdman Federasiyası isə 2018-ci ildə yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

Milli Olimpiya Komitəsinin Azərbaycan Boccia İdman Federasiyasında istehsalat təcrübəsi keçən və təşəkkürnamə ilə təltif olunan tələbələrimiz

  • Əziz Əzizli
  • Jakhan Fakhratova
  • Hüseyn Hüseynli
  • Tural Hüseynov
  • Xəzəngül Hüseynova
  • Okumakhanım Ibragimova
  • Məhəmməd İsmayılov
  • Nərgiz Kərimova
  • Fərid Məhərrəmov
  • Fuad Məhərrəmov
  • Orxan Mirzəyev
  • İntizam Tağıyev
  • Gülnar Ulubəyli
  • Sevinc Kərimzadə
  • Arzu Vəliyeva
  • Baladadaş İmanlı

İctimaiyyətlə əlaqələr şöbəsi
27.05.2022

DİGƏR XƏBƏRLƏR