XƏBƏRLƏR

Bu gün Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümüdür

Bu gün Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümüdür

09 noyabr 2018

Baxış sayı: 5161

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Eyni zamanda Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümüdür.
Dövlət Bayrağı Günü prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilib. Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilməsini nəzərə alıb. 
Bu gün 100 yaşını qeyd etdiyimiz Dövlət Bayrağımız 1920-ci ildə bolşevik işğalının ardından Azərbaycan Parlamentinin binası üzərindən endirildi. Bu bayraq növbəti dəfə 1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə meydanlarda dalğalandı. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdi. 
Tarixin keşməkeşli yollarından keçən, illərin sınağından çıxan, üzərindəki hər rəng, hər simvol özəl bir məna daşıyan, Azərbaycanın müstəqilliyinin və suverenliyinin rəmzi olan bayrağımız bu gün dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində, dünyanın ən mötəbər kürsülərində ucalır, Birləşmiş Millətlər Təşkilatının binasının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanır.
Azərbaycan Universitetinin kollektivi adından xalqımızı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, dövlətimizin inkişafı və qüdrətlənməsi naminə xalqımıza bu bayraq altında yeni uğurlar, qələbələr arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
09.11.2018

DİGƏR XƏBƏRLƏR