XƏBƏRLƏR

Azərbaycan Universitetində "Çağdaş filologiyanın aktual problemləri" mövzusunda konfrans keçirilib

Azərbaycan Universitetində

03 noyabr 2016

Baxış sayı: 5044

Azərbaycan Universitetində “Çağdaş filologiyanın aktual  problemləri” mövzusunda konfrans keçirilib. Konfrans, xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi, akademik Səməd Vurğunun 110 illik yubileyinə həsr olunub.

Konfransın plenar iclasını giriş nitqi ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açıb. Kafedra müdirinin çıxışı Səməd Vurğunun Azərbaycan ədəbiyyatına xidmətlərinə həsr olunub. Ülviyyə Rəhimova qeyd edib ki, “Sovet epoxası” deyilən dövrdə yaşayıb-yaratmış şairin yaradıcılığı müəyyən dövrlərdə tənqid obyektinə çevrilsə də, onun Azəbaycan ədəbiyyatının inkişafında rolu müstəsnadır. Səməd Vurğunun yaradıcılığı özünün səlis, təmiz və aydın dili ilə daima oxunacaq və yaddaşlarda qalacaqdır.

AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, prof. Məhərrəm Qasımlı çıxışında Səməd Vurğunun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən danışıb. Professor qeyd edib ki, görkəmli şairin  XX əsr Azərbaycan ədəbiyyatının böyük siması kimi hərtərəfli araşdırılmasına ehtiyac  var: “Onun yaradıcılığı olduqca mürəkkəbdir. Kommunist Partiyasının böyük ideoloq şairi olmasına, mahiyyət baxımından çürük bir ideologiyaya xidmət etməsinə baxmayaraq,  poeziyasında möhtəşəm folklor ənənəmizdən gələn saf bir ruh var. Ədəbiyyata gətiridiyi yeniliklər böyük və taleyüklü məsələlərdir. Azərbaycan poeziyasının bu günkü dilini məhz Səməd Vurğun müəyyənləşdirib. Heca vəzni və qoşma üslubuna öz yaradıcılığında rəsmi ədəbiyyat statusu qazandıraraq, aparıcı mövqeyə çıxarıb”.

Prof. Qorxmaz Quliyev və  prof. Alxan Bayramoğlu konfransın plenar iclasdakı çıxışlarında çağdaş filologiyanın aktual problem və müzakirə mövzularına toxunaraq, konfransın işinə uğurlar arzulayıblar.

Konfrans daha sonra öz işini “Çağdaş Azərbaycan dilinin problemləri” və “Azərbaycan ədəbiyyatının müasir durumu” olmaqla iki bölmədə davam etdirib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
03.11.2016

DİGƏR XƏBƏRLƏR