XƏBƏRLƏR

“COP29 simulyasiya” layihəsinin açılış mərasimi keçirilib

“COP29 simulyasiya” layihəsinin açılış mərasimi keçirilib

12 mart 2024

Baxış sayı: 402

Azərbaycanın “COP29”a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi etməsi və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsi həyata keçirilir. “COP29 simulyasiya” layihəsinə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri də qoşulub. Layihəyə qoşulan tələbələrin iştirakı ilə keçirilən açılış mərasimində püşkatma keçirilib və tələbələrin təmsil edəcəkləri beynəlxalq təşkilatlar müəyyənləşib.

Tədbiri Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq layihənin məqsədi barədə məlumat verib. Kafedra müdiri bildirib ki, layihə çərçivəsində dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və COP29 ilə bağlı tələbələrin məlumatlandırılması nəzərdə tutulur. Layihənin siyasi əhəmiyyətindən danışan Elvin Talışinski qeyd edib ki, Azərbaycanın mötəbər tədbirə ev sahibliyi etməsi ilk növbədə hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir. Ümumiyyətlə, COP29-un Azərbaycanda keçirilməsi birmənalı olaraq dövlətimizin siyasətinin qələbəsidir. Çünki Azərbaycan son illərdə xarici siyasət sahəsində aparılan məqsədyönlü və balanslı iş sayəsində olduqca əhəmiyyətli uğurlara nail ola bilib. Dostluq və əməkdaşlığı gücləndirməyə yönəlmiş hər zaman aydın, şəffaf və obyektiv siyasət yürüdən Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində fəal iştirak edir.

Sonra Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva çıxış edərək, konfransın ölkə üçün təkcə ekoloji deyil, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib: “İqlim dəyişikliyinin həlli iqtisadi sistemlərdə və təcrübələrdə dəyişikliyi nəzərdə tutur və bu dəyişiklik, bərpa olunan enerji mənbələrinə keçiddən və enerji səmərəliliyinin iqtisadiyyatın müxtəlif sahələrində təmin olunmasından ibarətdir. Xüsusilə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlməkdə kömək etməsi və aşağı karbonlu iqtisadiyyata keçidə kömək etmək üçün onlara maliyyə dəstəyi verməsi maliyyə öhdəliklərinin səviyyəsini və resursların necə bölüşdürüldüyünü müəyyənləşdirməyi zəruri edir. Nəticə etibarı ilə yeni bazarlar formalaşır və bu, emissiyaların azaldılması və davamlı təcrübələrə investisiya qoyuluşu üçün iqtisadi stimullar yaradır”.

Qeyd edək ki, layihə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrası ilə Biznes və iqtisadiyyat fakültəsi tərəfindən birgə təşkil olunur. Müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən simulyasiya layihəsi 3 ay davam edəcək. Layihə çərçivəsində mart ayından etibarən ekologiya, iqtisadiyyat, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və media təmsilçiləri ilə görüşlər keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR