XƏBƏRLƏR

Doktorant və dissertant namizədlərinə xarici dil imtahanı üzrə məsləhət xidməti göstəriləcək

Doktorant və dissertant namizədlərinə xarici dil imtahanı üzrə məsləhət xidməti göstəriləcək

16 dekabr 2019

Baxış sayı: 3615

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertant hazırlığına qəbul prosesi Dövlət İmtahan Mərkəzində (DİM) xarici dildən mərkəzləşmiş şəkildə keçiriləcək imtahanla başlayacaq. Azərbaycan Universiteti qəbul qaydalarında dəyişiklik edilməsini nəzərə alaraq namizədlər üçün xarici dil imtahanın keçirilməsi və sualların məzmununa dair məsləhət xidməti verəcək. Məsləhət xidmətindən Azərbaycan Universitetinin doktorantura və dissertantura proqramlarına müraciət edən namizədlər faydalana biləcək. Əlavə məlumat almaq istəyənlər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edə bilər, yaxud magistratura və doktorantura şöbəsi ilə (+99412) 431 41 12 (daxili 126) nömrəli telefonla əlaqə saxlaya bilərlər. Sənəd qəbulu 24 dekabr 2019-cu il saat 17.00-dək davam edəcək.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər isə xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyən edilir.

Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyənləşdirilmiş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahana yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.

Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılmış qəbul komissiyaları imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.

Azərbaycan Universitetinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri

  • Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Mühasibat uçotu – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi tarix – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Türk xalqları ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial problemlər - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə elmləri

  • Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Azərbaycan Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri

  • İqtisadi fəaliyyət növləri – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi  tarix - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tələb olunan sənədlərin siyahısı

  • Rektorun adına ərizə
  • Kadrların şəxsi qeydiyyat vərəqi
  • Tərcümeyi-hal
  • 4 ədəd fotoşəkil (3x4)
  • İş yerindən xasiyyətnamə
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  • Elmi rəhbərin yazılı razılığı
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti

Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır.

Sənəd qəbulu 24 dekabr 2019-cu il saat 17.00-a qədər Azərbaycan Universitetinin  Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında,  Magistratura və doktorantura şöbəsində aparılacaqdır.

Daha ətraflı məlumat üçün
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126)

İctimaiyyətlə əlaqələr şöbəsi
17.12.2019


DİGƏR XƏBƏRLƏR