XƏBƏRLƏR

Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Mavi işıq” adlı tədbir keçirilib

Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Mavi işıq” adlı tədbir keçirilib

02 aprel 2021

Baxış sayı: 2014

Azərbaycan Universitetində 2 Aprel – Dünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş “Mavi işıq” adlı vebinar keçirilib. Tədbir, Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən təşkil olunub. Vebinarın moderatorluğunu klubun sədri və Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Şalan Novruzov edib.

Şalan Novruzov “Autizm nədir” mövzusunda çıxış edərək, BMT tərəfindən Dünya Autizm Maarifləndirmə Gününün elan olunması və hər il qlobal miqyasda qeyd olunması, “Mavi işıqla işıqlandır” aksiyası haqqında məlumat verib.

Sosial iş kafedrasının professoru, psixologiya üzrə elmlər doktoru Rəna İbrahimbəyova autizm sindromunun ümumbəşəri problem olduğunu və əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılmasının əhəmiyyətini qeyd edib, cəmiyyətin autizmli uşaqlara uyğunlaşmasının vacibliyini vurğulayıb.

Gənclərlə iş ixtisası üzrə magistrtura I kurs tələbəsi Ülkər Həsənova "Erkən diaqnoz", Sosial iş ixtisası üzrə bakalavriat II kurs tələbəsi Məhəmməd Ələkbərov "Savabt sindromu", Gənclərlə iş ixtisası üzrə magistrtura I kurs tələbəsi Süleymanzadə Elnur “Autizm sendromundan bəhs edən filmlər", Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbəsi Aysel Babayeva "Autizmli məşhurlar" mövuzunda məruzə ediblər.

Sosial iş kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru, Azərbaycanda autizm sindromu üzrə ilk tədqiqatçı Tünzalə Verdiyeva autizm sahəsində aparılan tədqiqatlara diqqət çəkib.  Tünzalə Verdiyeva J. İtardın “Eyveyrondan olan vəhşi uşaq”, Leo Kannerin “Emosional əlaqənin autistik pozuntusu” və Hans Aspergerin “Autistik psixopad uşaqlar” əsərlərini şərh edib. İsveç psixiatrı Eygen Bleylerin və Erik Şoplerin fikirlərinə istinad edən alim, autizmə xəstəlik kimi yox, fərqlilik kimi yanaşılmasını vurğulayıb.

Kafedra müdiri qeyd edib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında mühüm strateji istiqamətlərdən biri kimi xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılması nəzərdə tutulur. Məhz bu bəndin rəhbər tutulması ilə ölkəmizdə autizm sindromlu uşaqlar inklüziv təhsilə cəlb edilib. Bu, çox mühüm hadisədir.

Vebinar iştirakçıları “Mənim adım autizmdir” animasiya filmini izləyiblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2021

DİGƏR XƏBƏRLƏR