XƏBƏRLƏR
Dünya Sosial İş Günü bu il “Transformativ dəyişiklik üçün ortaq gələcək” şüarı altında keçirilir
Azərbaycan Universitetində Dünya Sosial İş Günü münasibətilə tədbir keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan peşə həmrəylik tədbirini Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova açaraq günün tarixi və mahiyyəti haqqında məlumat verib. Kafedra müdiri qeyd edib ki, Sosial İşçilərin Beynəlxalq Federasiyası 1983-cü ildə hər il mart ayının üçüncü çərşənbə axşamını Dünya Sosial İş Günü kimi elan edib. Hər il qlobal gündəliyin mövzularından birinə həsr olunan Dünya Sosial İş Günü bu il “Buen Vivir: transformativ dəyişiklik üçün ortaq gələcək" şüarı altında qeyd olunur.
Nigar Şahhüseynbəyova çıxışında “Buen Vivir” sosial fəlsəfəsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb, dünyada və ölkəmizdə baş verən hadisələr zəminində Sosial iş ixtisasının əhəmiyyətini vurğulayıb. Kafedra müdiri ölkəmizdə sosial iş institutunun və bu sahədə praktik fəaliyyət sahəsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da bəhs edib.
Daha sonra Sosial iş ixtisası üzrə III kurs tələbəsi, kafedranın nəzdində fəaliyyət göstərən “Empatiya” klubunun sədri Samirə Baxşəliyeva və Sosial iş ixtisası üzrə 2023-cü il məzunu Məhəmməd Ələkbərovun mövzuya dair çıxışları dinlənilib.
Qeyd edək ki, Dünya Sosial İş Gününün məqsədi sosial işçilərin həyata keçirdiyi fəaliyyəti, cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaq, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin mövcud olduğunun vacibliyini yada salmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi