XƏBƏRLƏR

ECAR layihəsinin iştirakçıları Polşaya bir həftəlik səfər ediblər

ECAR layihəsinin iştirakçıları Polşaya bir həftəlik səfər ediblər

30 iyun 2022

Baxış sayı: 808

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin iştirakçıları Polşaya bir həftəlik səfər ediblər. Səfərdə Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

İşgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində təşkil olunub. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər səlahiyyətli nümayəndələri, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak açaraq qonaqları salamlayıb və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış edib. Rektor çıxışında Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları və prezidenti  olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransının fəaliyyəti haqqında məlumat verib.

Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk konfrans adından Azərbaycan nümayəndə heyətini salamlayıb və əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. Arkadiusz Mezyk çıxışında konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunub, konfransın tarixi, hüquqi forması, statusu, daxili idarəetməsi, əsas fəaliyyət istiqamətləri, qərarvermə prosesi, daimi heyəti, o cümlədən konfransın katibliyinin vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Arkadiusz Mezyk konfransın Polşa ali təhsil sisteminə verdiyi töhfələr, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflər və əldə etdikləri uğurlardan da bəhs edib, konfransın iş dünyası, media nümayəndələri və digər Avropa ölkələrinin rektorlar konfransları ilə sıx əlaqələrinin olmasını diqqətə çatdırıb.

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk çıxış edərək Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb, Almaniya Rektorlar Konfransının əsas məqsədləri, üzvlərinin tərkibi, strukturu, idarəedilməsi haqqında məlumat verib. Rudolf Smolarczyk Polşa və Alman Rektorlar  konfranslarının təhsil siyasəti və müxtəlif inkişaf istiqamətlərinin müzakirəsi üzrə müntəzəm şəkildə əməkdaşlıq etdiklərini vurğulayıb.

Görüşün sonunda Azərbaycan universitetlərinin və rektorlar konfranslarının nümayənədləri arasında suallar əsasında faydalı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.07.2022

DİGƏR XƏBƏRLƏR