XƏBƏRLƏR

ECAR layihəsinin növbəti görüşü rektorların iştirakı ilə təşkil olunub

ECAR layihəsinin növbəti görüşü rektorların iştirakı ilə təşkil olunub

27 iyun 2022

Baxış sayı: 771

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsinin növbəti görüşü rektorların iştirakı ilə təşkil olunub. Görüşdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor, o cümlədən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva iştirak edib. Geniş tərkibdə həyata keçirilən görüşün əsas məqsədi konfransın Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi olub.

Tədbiri giriş sözü ilə layihənin koordinatoru Bakı Biznes Universitetinin rektoru İbad Abbasov açıb. Rektor sözügedən layihənin həyata keçirilməsində verdiyi böyük dəstəyə görə Təhsil Nazirliyinə təşəkkür edib, layihənin icrasına dair müvafiq məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra təhsil nazirinin müavini İdris İsayev çıxış edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsilin rəqabətqabiliyyətliliyinin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlər və qarşıda duran tapşırıqlardan bəhs edib. İdris İsayev çıxışında “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin əhəmiyyətinə toxunaraq ali təhsil sistemində koordinasiya və əməkdaşlığın gücləndirilməsi, ali təhsil müəssisələri arasında müsbət təcrübənin bölüşülməsi, beynəlxalq təcrübənin öyrənilməsi, qərarların qəbulunda ortaq təkliflərin əldə edilməsi və müzakirələr üçün vahid platformanın mövcudluğu baxımından uğurlu addım olduğunu qeyd edib və bu baxımdan Təhsil Nazirliyinin dəstəyini ifadə edib. Konfrasın tərkibində təklif edilən komitələrin təhsil strategiyasına uyğunluğunu vurğulayan İdris İsayev, ali təhsil müəssisələrinin layihədə yaxından iştirakının vacibliyini diqqətə çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.

Bakı Biznes Universitetinin Universitet - sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış edib, konfransın təşkilati strukturu, idarə heyəti haqqında təklifləri müzakirəyə təqdim edib.

Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitinin rektoru Havar Məmmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək layihənin ali təhsilin inkişaf etdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbir konfransın strukturu, fəaliyyət mexanizmi və digər məsələlər ətrafında müzakirələrlə davam edib. Müzakirələrdə layihənin işində yaxından iştirak edən nazir müşaviri Nicat Məmmədli çıxış edərək Rektorlar Konfransının real nəticələr əldə etməklə beynəlxalq proses və çağırışlara daha yaxşı inteqrasiya olunmaq üçün mühüm vasitə olduğunu və layihənin bu istiqamətdə uğurla həyata keçirildiyini qeyd edib.

Sonda təhsil nazirinin müavini İdris İsayev görüşün yekunlarına dair çıxış edib və layihənin tərəfdaşlarına uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.06.2022

DİGƏR XƏBƏRLƏR