XƏBƏRLƏR

ECAR layihəsinin strateji planı müzakirə olunub

ECAR layihəsinin strateji planı müzakirə olunub

09 sentyabr 2022

Baxış sayı: 7700

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin növbəti görüşü Odlar Yurdu Universitetində təşkil olunub. Görüşü giriş sözü ilə universitetin prorektoru, dosent Qabil Qafarov açaraq təmsil etdiyi ali məktəbdə həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verib, tədbirin işinə uğurlar arzulayıb.

Görüşdə layihənin 3-cü iş planı paketinin, o cümlədən Rektorlar Konfransının Strateji Planının və 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planının hazırlanmasına dair məsələlər müzakirə edilib. Bildirilib ki, layihənin xarici tərəfdaşlarından olan Fransa Təhsil İnstitutunun bələdçiliyi ilə icra edilən 3-cü iş planının icrasına cari ilin mart ayından başlanılıb və bu istiqamətdə layihənin koordinatoru olan Bakı Biznes Universiteti  və Fransa Təhsil İnstitutunun iştirakı ilə bir sıra onlayn görüşlər keçirilib.

Bakı Biznes Universitetinin Universitet-sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova qeyd edib ki, iş planına uyğun olaraq layihə çərçivəsində yaradılacaq komitələrlə bağlı qərar qəbul etmək məqsədilə 20 universitetdən 48 prorektorun iştirakı ilə sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən milli səviyyədə mövcud olan ehtiyaclar, eləcə də sorğudan əldə edilmiş nəticələr əsasında müvafiq komitələrin yaradılması qərara alınıb. Belə ki, Litvanın Mykolas Romeris Universitetinin nəzarəti altında Təhsil işləri və keyfiyyət təminatı, İsveçin Kral Texnologiya Universitinin nəzarəti altında Elmi işlər, Polşa Rektorlar Konfransının nəzarəti altında Ali məktəblərin strateji idarəedilməsi, Belçikanın EFMD akkreditasiya təşkilatının nəzarəti altında Beynəlxalq əlaqələr və Fransanın Təhsil İnstitutunun nəzarəti altında Tələbə işləri üzrə komitələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bildirilib ki, ilk təlim CPU/FEI tərəfindən CRUE, KTH, MRU/LURK və CRASP-nin iştirakı ilə 2022-ci ilin oktyabrında təşkil olunacaqdır.

Görüşdə daha sonra strateji planın tərtib edilməsi üzrə yaradılmış işçi qrupu arasında iş bölgüsü aparılıb, nəzərdə tutullan tapşırıqların icra mexanizmləri müzakirə edilib. Gülşən Bayramova qeyd edib ki, layihə çərçivəsində Rektorlar Konfransının 2023-2025-ci illəri əhatə edən strateji planının hazırlanmasına yaxın zamanda başlanacaq.

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, layihə konsorsiumunun üzvü olan universitetlərin prorektorları və digər rəhbər şəxslərin iştirak etdiyi görüşdə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müdiri Nüşabə Quliyeva təmsil edib.

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.


İctimaiyyətlə əlaqələr şöbəsi
09.09.2022

DİGƏR XƏBƏRLƏR