XƏBƏRLƏR

ECAR layihəsinin “Strateji planlaşdırma və idarəetmə” mövzusunda təlimi keçirilib

ECAR layihəsinin “Strateji planlaşdırma və idarəetmə”  mövzusunda  təlimi keçirilib

11 fevral 2022

Baxış sayı: 1597

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində  Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” mövzusunda iki günlük təlim keçirilib. Təlimdə layihənin  üzvü olan 16 ali təhsil müəssisəsinin prorektor və digər rəhbər şəxsləri iştirak edib. Azərbaycan Universitetini tədbirdə elmi işlər üzrə prorektor Yusif Qasımov təmsil edib.

Bakı Biznes Universitetində keçirilən tədbiri giriş sözü ilə bu ali məktəbin rektoru,  professor İbad Abbasov açaraq layihə çərçivəsində görülən işlər haqqında məlumat verib. Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək planlaşdırma və idarəetmə mövzusunun ali təhsil müəssiələrinin səmərəli idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İdarəetmə üzrə beynəlxalq təhsil və təcrübəyə malik Nazim Əliyevin apardığı təlim ilk günündə  strateji planlaşdırmanın əhəmiyyəti, planlaşdırmanın üsul və metodları, maraqlı tərəflərin prosesə cəlb edilməsi, missiya, vizyon və dəyərlərin müəyyən edilməsi, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin,  mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi, büdcənin hazırlanması kimi mövzuları əhatə edib.  

Təlimin növbəti günündə isə iştirakçılara performansın idarə edilməsinin müasir üsulları və formaları, yüksək performanslı komanda işinə nail olmaq üçün çevik idarəetmə yanaşması, onun əsas prinsipləri, eləcə də risklərin təhlili, idarəedilməsi haqqında məlumat verilib, iştirakçılar strateji planlaşdırma üzrə komandalar şəklində təqdimat ediblər.

İki günlük təlimlərin sonunda iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihə 3 il müddətində icra olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.02.2022

DİGƏR XƏBƏRLƏR