XƏBƏRLƏR
ECAR layihəsinin tərəfdaşları üçün Fransada təlim təşkil olunub
“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) layihəsi çərçivəsində 2-ci kompenentinin icrasına başlanılıb. Bu komponentin əsas məqsədi layihənin tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsinin öyrənilməsidir. Bu məqsədlə tərəfdaş universitetlərin nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb. Koordinasiya komitəsi hazırda Fransada səfərdədir.
Səfərdə Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edir. Koordinasiya komitəsinin üzvləri üçün 22-26 noyabr tarixlərində Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçığı ilə bir həftəlik təlim təşkil olunub. Təlim proqramına Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi daxil edilib. Səfər çərçivəsində CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər də planlaşdırılır.
Qeyd edək ki, Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilir. Layihə 3 il müddətində icra olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
23.11.2021