XƏBƏRLƏR
ECAR layihəsi çərçivəsində Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin ilk toplantısı keçirilib
Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində tədris işləri və keyfiyyət təminatı üzrə komitənin ilk iclası keçirilib. Azərbaycan Texniki Universitetində təşkil olunan iclasda komitənin funksiyaları, sədrliyinə namizədliyə dair tələblər və idarə heyəti və sədrinin seçilməsi qaydaları tərəfdaşlara təqdim edilib və onların rəyləri əsasında müvafiq düzəlişlər aparılıb.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik işlər üzrə prorektoru Eldar Aslanov komitənin idarə heyətinin sədri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov sədr müavini seçilib.
Komitənin ilk iclasında “Erasmus+” proqramının Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov da iştirak edib, layihənin işinə uğurlar arzulayıb.
Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində 5 komitənin – Beynəlmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.
Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi