XƏBƏRLƏR

ECAR layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib

ECAR layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib

27 yanvar 2023

Baxış sayı: 7714

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib. Onlayn formatda baş tutan iclasda layihənin tərəfdaşları strateji inkişaf, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. Müzakirələrin gedişində iştirakçıların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiya üzrə prorektoru Araz Aslanlı  idarə heyətinin sədri, Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər.  

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində 5 komitənin – Beynəlmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub. 

Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR