XƏBƏRLƏR

Əməkdaşımız Şuşa Beynəlxalq kulinariya festivalında iştirak edib

Əməkdaşımız Şuşa Beynəlxalq kulinariya festivalında iştirak edib

11 may 2022

Baxış sayı: 1458

Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Yusupov Heydər Əliyev Mərkəzi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Şuşa Beynəlxalq kulinariya festivalında iştirak edib. Şuşanın qədimliyinin və Azərbaycan xalqının qonaqpərvərliyinin, müxtəlif ölkələrin maddi – mənəvi dəyərlərinin nümayiş etdirildiyi festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları öz ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.

Qəhrəman Yusupov Şuşa və festival ilə bağlı təəssüratlarını saytımızla bölüşdü: “Mayжт 5-dən 8-dək beynəlxalq kulinariya festivalında iştirak etmək üçün Şuşa şəhərində səfərdə olduq. Turizm təşkilatlarının, təhsil ocaqlarının nümayəndələrinin iştirakı ilə 5 rahat avtobusla 5 may 2022 ci il tarixdə səhər tezdən yola çıxdıq. Yol boyu işğaldan azad olmuş ərazilərdə gedən irimiqyaslı quruculuq və tikinti-bərpa işlərinin həcmi böyükdür.

Rahat yol, rahat avtobusla rahat şəkildə Şuşa şəhərinə çatdıq. Festival, XVIII əsr Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayının qarşısındakı meydanda təşkil edilmişdi. Festival çox rəngarəng idi. Bakı, Lənkəran, Salyan, Şirvan və digər regionlarımızın aşpazlarının təqdim etdikləri təamlar həmişəki kimi çox dadlı idi.

Kulinariya festivalında həm Azərbaycanın bölgələri, həm də dünyanın bir sıra ölkələri təmsil olunurdu. Almaniya nümayəndələri kolbasa, sosiska, pivə, italyanlar hisə verilmiş ət, pizza və digər yeməkləri, Yaponiyalılar yaşıl çayı xüsusi ritualla, Fransalı aşpazlar və dgər ölkələrin kulinariya ustaları öz milli yeməklərini festival ziyarətçilərinə təqdim edirdilər.

Tanınmış aşpaz Stalik də ayrı köşkdə öz ustalığını nümayiş etdirirdi. Ayrı köşklərdə sərinləşdici və spirtli içkilər də təqdim olunurdu.

Ziyarətçilər arasında Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edən, dəfələrlə ermənilərin hücumuna məruz qalan məşhur fotoqraf Rza Diqqəti də var idi.

Ölkəmizin teatrlarının aktyorları müxtəlif səhnəciklərlə festivala xüsusi rəngarənglik qatırdı. Məzhəkəçilər, XVIII-XIX əsr geyimlərində hərəkət edən personajlar diqqəti cəlb edir, pəhləvanlar, rəqs qrupları öz məharətlərini göstərirdilər.

Kulinariya festivalına qoşulmaqla Şuşanın memarlıq abidələrini, Şuşa qalasını da yaxından görmək fürsəti yarandı”.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.05.2022

DİGƏR XƏBƏRLƏR