XƏBƏRLƏR

Əməkdaşlarımız Milli Mühasiblər Forumunda iştirak edib

Əməkdaşlarımız Milli Mühasiblər Forumunda iştirak edib

01 may 2018

Baxış sayı: 5853

Maliyyə və iqtisadiyyat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi və kafedranın müəllimləri Polad Əzizov, Esmira Kazımova, Təhmasib Hüseynov, Elvin Hacıyev və Nəsimi Nuriyev Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilmiş “II Milli Mühasiblər Forumu”nda iştirak ediblər. Nümayəndə heyətimiz Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə keçirilən tədbirin təşkilində, plenar iclasın və bütövlükdə forumun gündəliyində olan məsələlərin müzakirəsində fəal iştirak edib, bölmələrdə məruzə ilə çıxış ediblər.

Forum Vergilər Nazirliyi, ASK, Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Forum çərçivəsində Mühasibat uçotu sahəsində ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı kimi müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin nəticələri elan olunaraq qaliblər mükafatlandırılıblar.

Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Elvin Hacıyev tədbirin “Mühasibat uçotu üzrə dövlət tənzimlənməsi: Büdcə təşkilatları, bələdiyyə və QHT sektoru kontekstində” bölməsində “Dövlət kreditləri üzrə daxili nəzarət sisteminin auditi” mövzusunda məruzə ilə çıxış edib. Kafedranın müdiri Nəriman Böyükkişi isə “Kommersiya qurumlarında mühasibat uçotunun problemləri” bölməsində amortizasiya ayırmalarının uçotu və istifadəsi haqqında müzakirə açaraq təkliflər irəli sürüb.

Mühasiblər arasında təşkil olunmuş breyn-rinq müsabiqəsinə müəllimlərimiz Polad Əzizov və Esmira Kazımova tərəfindən maraqlı suallar təqdim olunub. Polad Əzizov eyni zamanda mühasibat uçotuna aid ən yaxşı milli proqram təminatı üzrə müsabiqənin münsiflər heyətinin tərkibində yer alıb. Tədbirin bağlanış mərasimində çıxış edən müəllimimiz  mühasibat uçotuna dair milli proqram təminatı müsabiqəsinin forumun təşkilatçılarından olan Azərbaycan Universitetində keçirildiyini xatırladıb. Polad Əzizov qeyd edib ki, müsabiqəyə təqdim olunmuş işlərin qiymətləndirilməsi məqsədiylə yaradılan komissiyanın tərkibində Azərbaycan Universitetinin əməkdaşları – İnformasiya- komunikasiya texnologiyaları fakultəsinin dekanı Asif Paşayev, universitetin maliyyə direktoru Azər Rəşidov da yer alıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi
01.05.2018


DİGƏR XƏBƏRLƏR