XƏBƏRLƏR

Əməkdaşlarımız ECAR layihəsi çərçivəsində Belçikada səfərdədir

Əməkdaşlarımız ECAR layihəsi çərçivəsində Belçikada səfərdədir

12 dekabr 2022

Baxış sayı: 4382

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) “Erasmus+” layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub. 12-17 dekabr 2022-ci il tarixlərini əhatə edən səfərin məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Layihənin Belçikada keçirilən tədbir və seminarlarında Azərbaycan Universitetini rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edir. 

Səfər müddətində EFMD Global və layihənin Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti və bu kimi olduqca mühüm mövzularda seminar və təqdimatlar keçiriləcəkdir. Həmçinin tədbir iştirakçılarının Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyi ilə “Erasmus+” layihələri üzrə işgüzar  görüşünün keçirilməsi nəzərdə tutulub.

Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitetinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransının,  Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər. 

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR