XƏBƏRLƏR

Bizi xaricdə oxumağa həvəsləndirdiyi üçün universitetimə təşəkkür edirəm

Bizi xaricdə oxumağa həvəsləndirdiyi üçün universitetimə təşəkkür edirəm

26 yanvar 2018

Baxış sayı: 4285

Azərbaycan Universitetinin ingilisdilli maliyyə ixtisası üzrə IV kurs tələbəsi Əfsanə Abdulhəsənova 2017/2018-ci tədris ilinin payız semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuyub. Artıq vətənə qayıdan Əfsanə Türkiyədəki təhsili ilə bağlı təəssüratlarını bölüşür.

“Payız semestrini Türkiyənin Anadolu Universitetinin İqtisadiyyat fakültəsində oxumuşam. Anadolu Universiteti Türkiyənin ən gənc və ən müasir şəhərlərindən olan Eskişehirdə yerləşir. Paytaxt Ankara və İstanbuldan eyni məsafədə yerləşən bu şəhər, həm də tələbə şəhəri kimi tanınır.

Anadolu Universiteti Türkiyənin ən böyük universitetlərindən biridir. Qiyabi təhsil sahəsində isə Türkiyənin lider ali təhsil müəssisəsidir.

Modern auditoriyalar, tələbələr üçün yaradılmış geniş sosial imkanlar, maraqlı kampus həyatı, tələbə klublarının təqdim etdiyi dərsdənkənar fəaliyyətlər, 24 saat açıq olan böyük resurslu kitabxanası ilə Anadolu Universiteti hər tələbənin arzusunda olduğu təhsil mühiti təqdim edir. Başqa ölkələrdən gələn beynəlxalq tələbələr burada Türk qonaqpərvərliyi ilə qarşılanır, onlar arasında mədəni əlaqələrin qurulmasına, dostluq əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Burada yaradılmış dinamik, yenilikçi təhsil mühitində tələbələr müasir tələbləri qarşılayan bilik və bacarıqlarla təmin olunur. Oxuduğum müddət ərzində həm bu mühitin bir parçası oldum, həm də başqa ölkələrdən gəlmiş Erasmus tələbələrini tanıdım, yeni dostlarım oldu, onların mədəniyyəti, ənənələri ilə tanış olmaq, ən əsası isə dil bacarıqlarımı daha da inkişaf etdirmə imkanı əldə etdim.

Azərbaycan Universitetində oxuyan hər tələbə mübadilə proqramlarının imkanlarından faydalana, bir, yaxud iki semestr xarici tərəfdaş universitetlərdə oxuya bilər. Bu imkanı yaratmaqla qalmayıb, tələbələri həm də xaricdə təhsil almağa həvəsləndirdiyi və dəstək olduğu üçün universitetimə təşəkkür edirəm”.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.01.2018


DİGƏR XƏBƏRLƏR