XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyi Azərbaycan Universitetində nümunəvi dərs keçib

Fövqəladə Hallar Nazirliyi Azərbaycan Universitetində nümunəvi dərs keçib

13 fevral 2023

Baxış sayı: 8578

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Universitetinin  inzibati heyəti və tələbələri üçün “Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə dərsi təşkil olunub. Tədbirdə fövqəladə hallar zamanı davranış qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib. 

Tədbiri giriş sözü ilə universitetin Həmkarlar İttifaqı Komitəsinin  sədri və mülki müdafiə müəllimi Cabbar Mahmudov açıb. Cabbar Mahmudov qonaqları salamlayıb və nümunəvi dərsin  əhəmiyyətini vurğulayıb.  

Ardınca Bakı Regional Mərkəzi, Mülki müdafiə idarəsinin rəisi, polkovnik Yolçu Yolçuyev nümunəvi dərsin 2023-cü ilin əvvəlində tədbirlər planına daxil edildiyini və təsadüfən Türkiyədə meydana gələn güclü zəlzələlərlə eyni vaxta düşdüyünü qeyd edib. Polkovnik çıxışında Türkiyədə baş vermiş faciə nəticəsində  həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, xəsarət alanlara və yaralılara şəfa diləyib. 

Daha sonra FHN-nin Suraxanı rayonu Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili”, Təşkilati səfərbərlik bölməsinin rəisi, mayor Renat Fazlullov “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zaman davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “112 qaynar xətti”, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin inspektoru, daxili xidmət mayoru Fərid Həsənov “Odsöndürücü balondan istifadə qaydaları”, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin baş məsləhətçisi, 1-ci dərəcəli D/Q Müvəssil Allahverdiyev “Çimərliklərdə təhlükəsizlik qaydaları”, mövzusunda çıxış edib. Hər mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib və suallar cavablandırılıb.

Tədbirdə zəlzələ zamanı yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, təxliyyə qaydaları, kimyəvi silahlar  və qorunma vasitələri barədə də ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin “112” qaynar telefon xəttinin təyinatı izah olunub, fövqəladə hallardan qorunmaq üçün ən güclü silahın informasiya və maariflənmə olduğu vurğulanıb. 

Sonda Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayonu üzrə əməkdaşları tərəfindən yanğınsöndürmə texnikasının nümayişi keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR