XƏBƏRLƏR

Gənc tədqiqatçıların V respublika elmi konfransı keçirilib

Gənc tədqiqatçıların V respublika elmi konfransı keçirilib

15 aprel 2022

Baxış sayı: 1654

Azərbaycan Universitetində Gənc tədqiqatçıların V respublika elmi konfransı keçirilib. Pandemiya səbəbilə 2020 və 2021-ci illərdə onlayn formatda təşkil olunan konfrans 2 illik fasilədən sonra ənənəvi formaya qayıdıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov açaraq tədbir iştirakçılarını rektor Səadət Əliyevanın adından salamlayıb, apardıqları tədqiqatların nəticələrini konfransa təqdim etdikləri üçün təşəkkür edib. Yusif Qasımov qeyd edib ki, bütün dünyanı ağır sınaq qarşısında qoyan koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib. Fəqət biz çətinliklərlə yanaşı qürur və fəxarət dolu günlər də yaşamışıq.  44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər, işğaldan azad etdiyimiz torpaqlara böyük qayıdış və orada başlayan bərpa-quruculuq işləri Azərbaycan elminin qarşısında mühüm vəzifələr qoyub. Bu vəzifələrin icrasında hər birimiz aktiv şəkildə iştirak etməliyik.

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi çıxışlarında Azərbaycan Universitetinin gənc tədqiqatçılara əldə etdikləri nəticə və yenilikləri müzakirə edə biləcəkləri platforma təqdim etdiyini bildirib, konfransın işinə uğurlar arzulayıblar.

Konfransın plenar məruzəsini Bakı Dövlət Universitetinin dosenti, r.e.d. Miqdad İsmayılov edib. Plenar məruzə “Çəkili eksponent sistemin qrand lebeq fəzalarında bazisliyi” mövzusuna həsr olunub.

Fasilənin ardından konfrans işini “Tarix və hüquq”, “Filologiya”, “İqtisadiyyat-1”, “İqtisadiyyat-2”, “Sosiologiya”, “Riyaziyyat, fizika, İKT” olmaqla 6 bölmədə davam etdirib. Konfransa müzakirə üçün 20-yə yaxın ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunu təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların 134 tezisi qəbul olunub. Konfransa təqdim olunan tezislər materiallar toplusu şəklində nəşr edilib və qeydiyyat zamanı iştirakçılara təqdim olunub.

Konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların İKT və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.04.2022

DİGƏR XƏBƏRLƏR