XƏBƏRLƏR

“Gəncsən? Başla!” kitabının növbəti imza günü Azərbaycan Universitetində keçirilib

“Gəncsən? Başla!” kitabının növbəti imza günü  Azərbaycan Universitetində keçirilib

16 noyabr 2017

Baxış sayı: 5584

Azərbaycan Universitetinin məzunu, dosent Nadir Adilov tərəfindən yazılan “Gəncsən? Başla!” kitabının növbəti imza günü Azərbaycan Universitetində keçirilib.

Tədbirdə Nadir Adilov kitabda tələbə gənclərin şəxsi inkişafı və sağlam karyera quruculuğu ilə bağlı bütün məsələlərə toxunulduğunu qeyd edib və kitabın satışından əldə olunan gəlirin “Könüllü" Tələbə Təqaüdü Proqramına yönləndirildiyini xatırladıb. Müəllif bildirib ki, proqram çərçivəsində müsabiqə yolu ilə seçiləcək 6 könüllü tələbəyə birdəfəlik 500 manat məbləğində təqaüd təyin olunacaq. Könüllü tələbələr tərəfindən təqdim edilən layihələrin irəlidə maliyyələşdirilməsi də nəzərdə tutulur.  

Nadir Adilov çıxışında könüllülük fəaliyyətin əhəmiyyətindən də danışıb və iştirakçıları ölkədə geniş vüsət almış könüllülük hərəkatında fəal iştiraka səsləyib.

İmza günü diskussiya şəklində davam edib. Müəllif kitablarını imzalayıb və iştirakçıların onları maraqlandıran suallarını cavablandırıb.

Tələbə gənclərə uğurlu məzun olmağın yollarını praktiki şəkildə izah edən kitab Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə çap olunub. Kitabın müəllifi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədr müavini, Azərbaycan Respublikası Peyntbol (idman) Federasiyasının vitse-prezidenti, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adil oğlu Adilov Azərbaycan Universitetinin məzunudur. Ali təhsilin hər iki pilləsini Azərbaycan Universitetində oxuyub. 1998-ci ildə Hüquq ixtisası üzrə bakalavr, 2000-ci ildə Beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2017

DİGƏR XƏBƏRLƏR