XƏBƏRLƏR

Gender problemləri bu il onlayn formatda müzakirə olunub

Gender problemləri bu il onlayn formatda müzakirə olunub

27 noyabr 2020

Baxış sayı: 2406

Azərbaycan Universiteti və İngiltərənin Middlesex Universiteti ilə birgə təşkil olunan “Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransı mövcud ekstremal şəraitə uyğun olaraq ZOOM platforması üzərindən onlayn formatda keçirilib.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açılış nitqi ilə çıxış edərək tədbirə qoşulan xarici qonaqlara 44 günlük Vətən Müharibəsinin nəticələri haqqında məlumat verib. Prorektor bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi fazası Azərbaycanın tam qələbəsi ilə başa çatıb və ölkəmiz 30 ilə yaxın müddətdir Ermənistan işğalı altında olan torpaqlarını  azad edərək tarixi ədaləti bərpa edib. Qələbə münasibətilə tədbir iştirakçılarına Azərbaycan Universiteti kolektivinin təbriklərini çatdıran prorektor bildirib ki, Azərbaycan hərbi fazada əldə olunan möhtəşəm qələbəyə beynəlxalq münasibətlər sahəsində, regional siyasətdə, ölkə iqtisadiyyatında, sosial sferada, elm və təhsil sahəsində də gördüyü işlərlə layiq olmalı və estafeti davam etdirməlidir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə Azərbaycanın genderin təşviqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb, ölkəmizin gender siyasəti sahəsində əldə etdiyi uğurlar haqqında məlumat verərək konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova “Distant təlim və gender problemləri”, Middlesex Universitetinin professoru Victoria de Rijke “The end of gender as we now it? How transfeminist education resourses can free men from masculunity”, Azərbaycan Universitetinin professoru Paul Gibbs “Global Management of Diversity” mövzusunda plenar məruzə ilə çıxış ediblər.  

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, 2017 və 2018-ci illərdə respublika miqyasında təşkil olunan elmi tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilir. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.11.2020

DİGƏR XƏBƏRLƏR