XƏBƏRLƏR

Gender tədqiqatçısı Kifayət Ağayeva tələbələrimizin qonağı olub

Gender tədqiqatçısı Kifayət Ağayeva tələbələrimizin qonağı olub

26 aprel 2022

Baxış sayı: 2099

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, professor Mehrəngiz Nəcəfizadənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbələrinə tədris etdiyi “Genderə giriş” fənninin növbəti qonaq mühazirəçisi gender tədqiqatçısı, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının müdiri Kifayət Ağayeva olub. Mehrəngiz Nəcəfizadə qonağı tələbələrə təqdim edərək qeyd edib ki, Kifayət Ağayeva gender məsələləri sahəsində Azərbaycanın aparıcı alimlərindəndir, bu sahəyə dair 10-a yaxın kitabın və onlarla elmi məqalənin müəllifidir.

Kifayət Ağayeva mühazirədə gender anlayışı, gender modelləri, Sovet Azərbaycanında gender ideologiyası, Müstəqillik dövründə Azərbaycanda gender bərabərliyi siyasəti, Dünyada və Azərbaycanda gender məsələləri, gender problemlərinin ictimailəşdirilməsi, Qadın hərəkatı və feminizmin inkişafı kimi mövzular haqqında məlumat verib, genderlə bağlı terminlərə aydınlıq gətirib. Qonaq mühazirəçi qeyd edib ki, dünya əhalisinin yarısını qadınlar təşkil edir və planetimizin taleyi qadınların təhsil almasından asılıdır.

Müzakirə formatında davam edən dərsdə Kifayət Ağayeva tələbələrin genderin mahiyyəti, dünyada və Azərbaycanda gender problemlərinə dair suallarını cavablandırıb.

Qeyd edək ki, “Genderə giriş” fənnini tədris edən Mehrəngiz Nəcəfizadə ABŞ-ın  Kanzas universitetinin professorudur. Mehrəngiz Nəcəfizadə Azərbaycan Universitetinin heyətinə 2021/2022-ci tədris ilinin yaz semestri üçün Fullbright Proqramı ilə qoşulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.04.2022

DİGƏR XƏBƏRLƏR