XƏBƏRLƏR
“Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib
Azərbaycan Universitetinin Siyasi elmlər kafedrası, Yasamal rayonu Gənclər və İdman sektoru və “Elin Səsi” Milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda Yasamal rayonu Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, və Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, “Elin Səsi” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin məruzələri dinlənilib. Çıxışlarda müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, yürütdüyü dövlət gənclər siyasətinin mühüm aspektləri, ölkəmizdə aparılan kadr hazırlığı və təşkilatlanma haqqında məlumat verilib.
Daha sonra çıxış edən “YOL” Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov, “Elin Səsi” İctimai Birliyinin üzvü Babək Məhərrəmov, “MAYT” İctimai Birliyinin sədri Camal Kərimli, Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Dadaşov ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bunun nəticəsində Azərbaycan gənclərinin bu gün bütün sahələrdə özlərini doğrultduqlarından söz açıblar. Natiqlər gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan haqqında da məlumat veriblər.
Tədbir sözügedən mövzular ətrafında müzakirələrlə davam etdirilib.
İştirakçılar həmçinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində açılan “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti-100” fotosərgisi ilə tanış olublar.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ilinə həsr olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi