XƏBƏRLƏR

İKT fakültəsinin dekanı Türkiyədə keçiriləcək təlimdə iştirak edəcək

İKT fakültəsinin dekanı Türkiyədə keçiriləcək təlimdə iştirak edəcək

05 mart 2022

Baxış sayı: 1072

Azərbaycan Universitetinin İnformasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev “İnsan – kompüter interfeysləri” sahəsində “Təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində martın 21-dən 27-dək Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) keçiriləcək təlimdə iştirak edəcək. Layihənin məqsədi müasir çağırışlardan yola çıxaraq “İnsan-kompüter interfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır. Ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin mütəxəssislərinin də qatıldığı bu layihənin eksperti ODTU-nun professoru Kürşat Çağıltaydır.

Layihə çərçivəsində nəzəri və praktiki təlimlər nəticəsində seçilmiş 10 müəllimin ODTU-da  “İnsan-kompüter qarşılıqlı əlaqələri” laboratoriyasını ziyarəti planlaşdırılır. Bununla yanaşı, Türkiyədə bir çox ali məktəbdə əsas dərs vəsaiti olan Kürşat Çağıltayın “Teoriden Pratiğe. İnsan - Bilgisayar Etkileşimi ve Kullanılabilirik Mühendisliği” kitabı mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə ediləcək, 1000 nüsxəsi Azərbaycanın ali məktəblərinə hədiyyə olunacaq.

Qeyd edək ki, “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdə, paytaxt Bakı ilə yanaşı, Lənkəran, Mingəçevir və Naxçıvandan təyin olunmuş prioritet üç istiqamət üzrə 9 layihə həyata keçirilir. “İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyası üzrə Naxçıvan Universiteti “İnsan-kompüter interfeysləri” sahəsində “Təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsini həyata keçirir.  2021-ci ilin dekabr ayından start götürən layihənin icrası 2022-ci ilin oktyabr ayında yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.03.2022


DİGƏR XƏBƏRLƏR