XƏBƏRLƏR
İKT fakültəsinin dekanı Asif Paşayevin iştirak etdiyi layihə yekunlaşıb
Azərbaycan Universitetinin İnformasiya-kommunkasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevin iştirak etdiyi “İnsan-kompüter interfeysləri sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” adlı qrant layihəsi yekunlaşıb. Layihənin yekunu olaraq “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransı keçirilib, həmçinin “Nəzəriyyədən təcrübəyə: insan – kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabı çap olunub.
Naxçıvan Universitetində hibrid rejimdə keçirilən beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Türkiyənin Orta Doğu Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransa Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan, ümumilikdə, 160 müəllifin 91 məqaləsi daxil olub. Konfransın elm komitəsi tərəfindən 75 məqalə qəbul edilib.
Beynəlxalq tədbirin plenar iclasında layihə rəhbəri Şamil Hümbətovun hesabat çıxışı, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Əli Abbasovun, layihənin eksperti, Türkiyənin Orta Doğu Texniki Universitetinin müəllimi, professor Kürşat Çağıltayın, “Electronic ARTS” şirkətinin UX dizayneri Aqşin Rəcəbovun və Qalatasaray Universitetinin Kommunikasiya fakültəsinin dekanı professor Kərəm Rizvanoğlunun məruzələri dinlənilib. İKT fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının müəllimi Bəhram Əzizov konfransda “Konstruktıv fraktal obyekt təsvirlərinin vizuallaşdırılması" mövzusunda məruzə ilə çıxış ediblər. Yekun konfransda həmçinin layihənin eksperti, sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə insan-kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2021-ci il oktyabrın 5-də elan etdiyi “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində dəstəklənən 9 layihədən biridir. 2021-ci ilin dekabr ayından start götürmüş və 2022-ci ilin oktyabr ayında yekunlaşacaq qrant layihəsinin qalibi və koordinatoru Naxçıvan Universitetidir. Azərbaycan Universitetinin İKT fakültəsinin dekanı Asif Paşayev layihənin nəzəri və praktiki təlimlərində, həmçinin layihə çərçivəsində mart ayında Türkiyənin Orta Doğu Texniki Universitetinə təşkil olunan səfərdə iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi