XƏBƏRLƏR

İnsan alveri ilə mübarizəyə həsr olunmuş onlayn müzakirə keçirilib

İnsan alveri ilə mübarizəyə həsr olunmuş onlayn müzakirə keçirilib

11 dekabr 2020

Baxış sayı: 3159

Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizədə vətəndaş cəmiyyəti institutlarının və sosial işçilərin rolu” mövzusunda onlayn müzakirə keçirilib.

Kafedranın müdiri Tünzalə Verdiyeva müzakirənin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil olunduğunu qeyd edib və tədbirin çıxışçılarını təqdim edib.

Tədbirin modretorluğunu kafedranın müəllimi Ülvi Əliyev həyata keçirib. Ülvi Əliyev qeyd edib ki, ictimai təhlükəliliyi, kriminal biznesin ən gəlirli sahələrindən biri olması, insan ləyaqətinə qəsd etməsi, şəxsiyyətin hüquq və azadlıqlarını kobud şəkildə pozması səbəbiylə qlobal problemlər içində ən aktual mövzulardan biridir. Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutaraq insan alverinə qarşı mübarizədə qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atıb. Bu addımların əyani təsdiqi olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair sayca dördüncü olan 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı qəbul edilib. Ülvi Əliyev çıxışında Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsinin əsas prinsipləri və maliyyələşdirilməsi mexanizmləri haqqında məlumat verib.

Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında İctimai Şuranın üzvü, kafedranın professoru Mayis Əliyev “İnsan alveri qurbanları ilə Sosial iş”, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “İnsan alveri qurbanlarının sosial reinteqrasiyasında sığınacaqların rolu”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin rəhbəri Həbibə Qəribova “İnsan alverinə qarşı mübarizə sahəsində dövlət siyasətinin istiqamətləri” mövzusunda çıxış ediblər.

Daha sonra Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələri Səma Məmmədova və Səkinə Məhərrəmovanın müzakirə mövzusuna dair təqdimatları dinlənilib. Tələbələrin təqdimatları insan alverinə cəlbetmə üçün şərait yaradan amillər, cəlbetmənin ənənəvi üsulları və formaları, insan alveri qurbanlarının reabilitasiyası problemləri kimi mövzuları əhatə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.12.2020

DİGƏR XƏBƏRLƏR