XƏBƏRLƏR

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

27 aprel 2022

Baxış sayı: 1519

Azərbaycan Universitetində İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir İctimai elmlər kafedrası ilə Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən birgə təşkil olunub.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova tədbirin prezident İlham Əliyevin  29 dekabr 2021–ci il tarixli “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamını rəhbər tutaraq təşkil olunduğunu bildirib. Ülviyyə Rəhimova qeyd edib ki, Azərbaycanın tarixi torpağı olan İrəvanda təsis edilmiş seminariyanın məzunlarının maarifçilik ideologiyasının inkişaf etdirilməsində xüsusi xidmətləri olub. Kafedra müdiri çıxışında seminariyanın məzunlarından, pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir  Haşım bəy Vəzirovun həyat və fəaliyyəti haqqında da məlumat verib.

Tədbirdə daha sonra İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin “İrəvan Müəllim Seminariyası: Qərbi Azərbaycanın mühüm təhsil ocağı” və Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyevin “Müəllim Seminariyalarının məzunlarının Azərbaycanın inkişafında rolu” mövzularında çıxışları dinlənilib. Çıxışlarda İrəvan xanlığı ilə bağlı faktlar öz əksini tapıb, tələbələrə İrəvan Müəllimlər Seminariyasının yaranma tarixi, seminariyada dərslərin təşkili, milli təhsil tariximizdə yeri və əhəmiyyəti, seminariyanın müəllimləri, məzunları haqqında məlumat verilib.

Bildirilib ki, cənab prezidentin sərəncamı milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir, bizi tariximizi araşdırmağa yönəldir, İrəvan xanlığı ərazisində yaratdığımız tarixi irsə sahib çıxmağa səsləyir. Vurğulanıb ki, “Vətənin qıraqda qalan yerləri” adlandırdığımız torpaqlara ərazi iddilarımız olmasa da, tarixi torpaqlarımızda yaratdığımız milli – mədəni irsimizi ətraflı öyrənməli, tədqiq və təbliğ etməliyik.

Tədbir iştirakçıları sonda Azərbaycan tarixi ixtisası üzrə magistratura II kurs tələbəsi Aliyə Hacıyevanın hazırladığı İrəvan Müəllimlər Seminariyası məzunlarının həyat və fəaliyyətinə həsr olunmuş slayda tamaşa ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2022

DİGƏR XƏBƏRLƏR