XƏBƏRLƏR

Azərbaycan dili və ədəbiyyat kafedrasında İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan dili və ədəbiyyat kafedrasında İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

18 dekabr 2019

Baxış sayı: 2703

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında  professor - müəllim heyətinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş dəyirmi masa  təşkil olunub. Tədbiri giriş sözü ilə açan kafedra müdiri Ülviyyə Rəhimova İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, ölkəmizdə xalq yazıçısının 100 illik yubileyinin qeyd olunması ədəbiyyat tarixinin inkişafı üçün mühüm hadisədir. 

Kafedranın professoru Asif Hacıyev  yazıçını yetişdirən mühit haqqında məlumat verərək bildirib ki, 60-cılar nəslinin nümayəndəsi kimi yetişəm İsmayıl Şıxlının yaradıcılığında insan və cəmiyyət problemi özünəməxsus  həllini tapmışdır.   Professor qeyd edib ki, böyük yazıçı cəmiyyətin vəziyyətinə münasibətini  bəzən öz sükutu ilə məharətlə ifadə etməyi bacarıb. 

Kafedranın dosenti, humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov  İsmayıl Şıxlı ilə bağlı xatirələrini danışıb. O, görkəmli yazıçının yaradıcılığının zirvəsi hesab olunan “Dəli Kür” əsərinin Azərbaycan ədəbiyyatı tarixində böyük hadisə olduğunu vurğulayaraq, tərcüməçilik fəaliyyəti və ömrünün  son illərində gördüyü işlərdən söz açıb.  

Kafedranın dosenti Fərhad Mədətov çıxış edərək “Dəli Kür” əsərinin qəhrəmanı Cahandar ağa obrazı, əsərdəki rus-azərbaycanlı münasibətləri , tarixilik və müasirlik problemlərininin  əks olunması haqqında danışıb.

Kafedranın professoru Qorxmaz Quliyev qeyd edib ki,  İsmayıl Şıxlı saxta dəyərlərin dəf olunmasında və Azərbaycan xalqının ekzistensial problemlərinin saqavari  təcəssümündə əlahiddə xidmətləri  olan sənətkardır.

Çıxışlarda bildirilib ki,  sağlığında gördüyü işlər, özündən sonra qoyub getdiyi zəngin irs ölümündən sonra da İsmayıl Şıxlı adının təkcə bir ədəbiyyatçı, yazıçı kimi deyil, xalqını sevən, onun savadlı və firavan gələcəyi naminə çalışan əsl vətəndaş kimi Azərbaycanla qoşa çəkilməsinə gətirib çıxarır.

Tədbir  Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixində İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.12.2019


DİGƏR XƏBƏRLƏR