XƏBƏRLƏR

Komandamız informatika olimpiadasının finalına vəsiqə qazanıb

Komandamız informatika olimpiadasının finalına vəsiqə qazanıb

30 aprel 2019

Baxış sayı: 3755

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Əlizamin Həbibli, Fəhmin Zakirli və Nigar Ələkbərovadan ibarət komandası “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsinə vəsiqə qazanıb. Tələbələr olimpiadaya fakültənin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının müəllimi Əbilhəsən Əhmədovun rəhbərliyində hazırlaşıblar.

Müsabiqədə respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda iştirak edib. Qaydalara müvafiq olaraq, 17 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 17 komandası final mərhələsində iştirak etmək hüququ əldə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən olimpiada “17 May — Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunur. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir. Olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir.

Müsabiqənin birinci turu Bakı Mühəndislik Universitetində təşkil olunub. Final mərhələsi isə  mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.  Qaliblər sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.04.2019


DİGƏR XƏBƏRLƏR