XƏBƏRLƏR

“Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” layihəsi “2022 - Şuşa İli”nə həsr edilib

“Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” layihəsi  “2022 - Şuşa İli”nə həsr edilib

19 dekabr 2022

Baxış sayı: 4543

Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” adlı ənənəvi tələbə tədris-tədqiqat layihəsi “2022 - Şuşa İli”nə həsr edilib. Layihə çərçivəsində Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan II kurs tələbələri Azərbaycanın mədəniyyət paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş müqəddəs şəhərimiz Şuşanın təbiətinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, etnoqrafiyasına, görkəmli şəxsiyyətlərinə aid apardıqları araşdırmaları təqdim ediblər. 

Yaradıcılıq işlərinin təqdimatından əvvəl layihənin rəhbəri professor Asif Hacıyev çıxış edərək layihə və əhəmiyyəti haqqında danışıb. Asif Hacıyev qeyd edib ki, azərbaycançılıq ideologiyasına uyğun həyata keçirilən “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” tələbələrdə həm vətənpərvərlik hisslərinin, həm də sərbəst tədqiqat vərdişlərinin formalaşmasına xidmət edir. Humanitar fənlər fakültəsinin dekanı dosent Səfər Məmmədov və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” layihəsi üzrə tələbələrin yaradıcı tədqiqat işinin məzmununu və təqdimat formasını yüksək qiymətləndirib, onlara öz tövsiyələrini veriblər. 

Çıxışların ardından tələbələr semestr ərzində müxtəlif  informasiya mənbələri, valideynləri və yaşlılarla müsahibələr, şəxsi müşahidələri əsasında topladıqları materialları və apardıqları tədqiqatın nəticələrini ümumiləşdirərək təqdim ediblər. Tələbə tədqiqatlarının bir hissəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizdə payı olan, ordumuzun tərkibində döyüşmüş şəhid və qazilərə həsr edilib.

Qeyd edək ki, tələbələrin ixtisas hazırlığını və müstəqil yaradıcılıq fəaliyyətini, vətənpərvərlik ruhunda tərbiyəsini üzvi şəkildə birləşdirən “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” ənənəvi tələbə tədris-tədqiqat layihəsinə 2021/2022-ci tədris ilində start verilib. Layihə çərçivəsində tələbələr semestr ərzində tədris planlarının tələbləri nəzərə alınmaqla müstəqil tədqiqat aparırlar. Layihə növbəti illərdə də davam etdiriləcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR