XƏBƏRLƏR

Milli iqtisadiyyatın inkişafının aktual problemlərinə həsr olunmuş konfrans keçirilib

Milli iqtisadiyyatın inkişafının aktual problemlərinə həsr olunmuş konfrans keçirilib

10 oktyabr 2018

Baxış sayı: 4174

Bu gün Azərbaycan Universitetində “Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın açılış mərasimini salamlama nitqi ilə universitetin rektoru Səadət Əliyeva açıb. Səadət Əliyeva qeyd edib ki, 2018-ci il ərzində Azərbaycan Universitetində müxtəlifyönümlü beynəlxalq və respublika miqyaslı elmi konfranslar keçirilib. Bu günkü konfransın təşkil edilməsində məqsəd isə elmi mühitin milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə cəlb edilməsi, əldə olunmuş elmi nəticələrin paylaşılması və müzakirə edilməsi üçün platforma təqdim etməkdir.

Rektor qeyd edib ki, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb. Azərbaycanın iqtisadi qüdrətinin ilbəil artmasından böyük fəxarət və qürur hissi keçirdiyini bildirən  Səadət Əliyeva plenar məruzəçiləri iştirakçılara təqdim edib və tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlər haqqında danışıb. Akif Musayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı elmi əsaslara söykənən proqram və yol xəritələri əsasında inkişaf etdirilir. Professor çıxışında Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” haqqında da ətraflı məlumat verib.

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov bildirib ki, Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətləri Prezident İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapıb. Qeyd olunub ki, müvafiq strateji yol xəritələrində qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin inkişafında mühüm rol oynayacaq.

Konfransın plenar məruzəçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun çıxışı müasir universitet missiyası konsepsiyasına həsr olunub. Çıxışda qeyd olunub ki, biliklərə əsaslanan iqtisadiyyatda universitetlər öz işlərini təhsil, tədqiqat və biliklərin kommersiyalaşması missiyasına uyğun qurmalıdırlar.

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov “Elmi tərəqqiyə əsaslanan innovativ iqtisadiyyatın idarə edilməsi” mövzusunda məruzə  ilə çıxış edib. Elşad Məmmədov qeyd edib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, çox uğurlu, stabilliyə söykənən və dayanıqlı iqtisadi inkişafa imkan yaradan rəqabət üstünlüyünə malikdir.

Fasilənin ardından konfrans işini Azərbaycan iqtisadiyyatının davamlı inkişafının aktual məsələləri və İnnovativ iqtisadiyyat şəraitində modernləşmənin əsas istiqamətləri olmaqla 2 bölmədə davam etdirib.

Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb.

Konfransın materialları toplu şəklində çap olunub və qeydiyyat zamanı iştirakçılara təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.10.2018


DİGƏR XƏBƏRLƏR