XƏBƏRLƏR

“Miqrant qadınların məşğulluq problemi” mövzusunda tədbir keçirilib

“Miqrant qadınların məşğulluq problemi” mövzusunda tədbir keçirilib

13 aprel 2022

Baxış sayı: 1535

“Fulbright” proqramı çərçivəsində Azərbaycan Universitetinin heyətinə qoşulan ABŞ-ın Kanzas Universitetinin professoru Mehrəngiz Nəcəfizadənin təşkilatçılığı ilə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri üçün “Miqrant qadınların məşğulluq problemi” mövzusunda tədbir keçirilib. Tədbirin qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi, sosioloq Zəminə Səfərova olub.

Komitənin fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verən qonaq mühazirəçi qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra xalqımızın qarşısında dayanan əsas vəzifə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq işlərinin görülməsi və Qarabağa qayıdışın təmin edilməsi üçün müvafiq infrastrukturun formalaşdırılmasıdır. Bölgədə artıq bir ildir ki, həm sürətli yenidənqurma işləri, həm də işğaldan azad edilmiş yurd yerlərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılır. Zəminə Səfərova çıxışında işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin bərpası yolları, həmin ərazilərdə gənclərin özünüməşğulluq faəliyyətinin genişləndirilməsi məsələlərinə toxunub.

Zəminə Səfərova qaçqın, məcburi köçkün və miqrant qadınların iş həyatı, yaşadıqları çətinliklər və onlara yardım barədə də məlumat verib. Bildirib ki, gənclər arasında intiharların, psixoloji gərginliyin aradan qaldırılması üçün müvafiq peşəyönümlü fəaliyyətlərin artırılması məqsədəuyğundur. Qonaq həmçinin gələcək ailənin möhkəm təməllər üzərində qurulması üçün gənc qızların mütləq təhsilə cəlb edilməsinin, erkən nikahların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Tədbir mövzu ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.04.2022

DİGƏR XƏBƏRLƏR