XƏBƏRLƏR

Misir Mərdanov tələbələrə AXC-yə həsr olunmuş mühazirə oxuyub

Misir Mərdanov tələbələrə AXC-yə həsr olunmuş mühazirə oxuyub

04 oktyabr 2018

Baxış sayı: 3833

AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Azərbaycan Universitetinin qonağı olub. Professor tələbələr qarşısında Azərbaycan Xalq  Cümhuriyyətinə həsr olunmuş mühazirə ilə çıxış edib.

Tədbirdə Universitetin rektoru Səadət Əliyeva da iştirak edib. Rektor qonağı salamlayıb və dəvəti qəbul etdiyinə görə Misir Mərdanova təşəkkür edib.

Elmi işlər üzrə prorektor Yusif Qasımov professor Misir Mərdanovun Azərbaycan Xalq Cümhuriyyəti haqqında tədqiqat və əsərləri ilə öz ziyalı borcunu yerinə yetirdiyini bildirib.

Misir Mərdanov çıxışının əvvəlində Azərbaycan Universitetinin professor-müəllim heyətini 5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibəti ilə təbrik edib, cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.   

Mühazirə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə Azərbaycanda və Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və təhsil sahəsində həyata keçirilən islahatları əhatə edib. Qeyd olunub ki, cümhuriyyətin qurucuları təhsil sahəsinin tamamən yenilənməsi, xalqın maariflənməsi və milli kadrların hazırlanması məsələlərinə xüsusi əhəmiyyət verib. Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi həyata keçirilən ilk və ən mühüm tədbirlərdən olub.

Professor çıxışında 23 aylıq müddət ərzində təhsil sisteminin idarə olunmasında və məzmununda aparılan islahatlar, dərsliklərin hazırlanması, parlamentin qərarı əsasında 100 nəfər gəncin ölkə xaricinə oxumaq üçün göndərilməsi, ölkədə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaradılması, ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və bu kimi islahat və yeniliklər haqqında məlumat verib, iştirakçılara maraqlı faktlar və statistik rəqəmlər açıqlayıb.

Mühazirədə Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətinə də xüsusi yer ayrılıb.  

Misir Mərdanov sonda həmmüəllifi və layihə rəhbəri olduğu “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində” (1918-1920), “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (Ensiklopedik soraq kitabı), “Məktəblinin riyaziyyatdan izahlı lüğəti”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” və Vidadi Xəlilovun “Zirvə yolu” kitablarını universitetə hədiyyə edib. “Zirvə yolu” kitabında Misir Mərdanovun uşaqlıq və gənclik illəri, həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti işıqlandırılır.  

İctimaiyyətlə əlaqələr şöbəsi
04.10.2018


DİGƏR XƏBƏRLƏR