XƏBƏRLƏR

Mühasibatlıq üzrə olimpiadanın universitetdaxili seçim turunun qalibləri bəlli oldu

Mühasibatlıq üzrə olimpiadanın universitetdaxili seçim turunun qalibləri bəlli oldu

13 fevral 2019

Baxış sayı: 3703

“Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiada”nın Azərbaycan Universiteti üzrə daxili seçim turunun qalibləri açıqlanıb. Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Rəhimli Kənan Əjdər oğlu, Cəfərova Fatimə Nəsir qızı, Məmmədli Hilal Saleh oğlu və Saatov Rövşən Əzim oğlu yüksək nəticə göstərərək müsabiqənin final mərhələsində iştirak hüququ qazanıblar. İki saat davam edən seçim turunda tələbələr 100 test sualını cavablandırıblar.

Olimpiadanın final mərhələsi seçim turlarında qalib gələn tələbələr arasında Bakı Konqres Mərkəzində keçiriləcək. Müsabiqənin qaliblərinə qiymətli hədiyyələrin təqdim olunması, şirkətlərdə təcrübə keçmələri və gələcəkdə işlə təmin olunmaları nəzərdə tutulur.

"Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Mühasiblər" İctimai Birliyi tərəfindən Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilir. Olimpiada seçim turu və final olmaqla iki mərhələdən ibarətdir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin bilik yarışmasını təşkil etmək, intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək və stimullaşdırmaq, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, gəncləri mühasibatlıq sahəsində maarifləndirilməsini təşkil etməkdir.

Tələbələrimizi təbrik edir, olimpiadanın final mərhələsində uğurlar arzu edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi
13.02.2019


DİGƏR XƏBƏRLƏR